Azərbaycan Universitetinin tələbələri “Daşgil” palçıq vulkanı sahəsi ilə tanış olublar

Azərbaycan Universitetinin tələbələri  “Daşgil” palçıq vulkanı sahəsi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Ekoloji maarifləndirmə” proqramı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsi ilə tanış olublar.

Azərbaycan Universitetinin tələbələrinin də qatıldıqları ekskursiya zamanı AMEA-nın Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev palçıq vulkanları ilə bağlı geniş məlumat verib.

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın nadir sərvəti sayılan palçıq vulkanlarının öyrənilməsinin vacibliyini vurğulayıb, konfransda səsləndiriləcək fikirlərin hər kəs üçün əhəmiyyətli olacağına əminliyini bildirib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və ölkədə ekoloji maarifləndirmə sahəsində görülən işlərdən danışıb.

Professor Adil Əliyevin “Azərbaycan palçıq vulkanları diyarıdır”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Əlişir Musayevin “Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi”, Mədəniyyət və Turizm Nazirliyinin regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənovun “Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri”, Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayevin “Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri” mövzusunda çıxışları dinlənilib.

Konfransda qeyd olunub ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər əldə oluna bilər.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.04.2017

Xəbər arxivi

Kitabxanaya 600 nüsxə yeni kitab daxil olub
24 May 2017
Bölmə xəbərləri
Azərbaycan Universiteti tələbəsinin uğuru
8 May 2017
Bölmə xəbərləri
“Savefy” layihəsinin uğur hekayəsi
28 Apr 2017
Bölmə xəbərləri
Şərif Ağayar ilə postmodernist söhbət
28 Apr 2017
Bölmə xəbərləri

ABUNƏ OL