31 mart

Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunur. Bu, son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.

Mart soyqırımı - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində minlərlə Azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Ermənilər birinci Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışmış, Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında Azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlamışdır.

Həmin günlərdə milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirilmiş, evlər yandırılmış, insanlara diri-diri od vurulmuşdur. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılmış, Bakının çox hissəsi xarabalığa çevrilmişdir.

Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır.

1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qiymət verilməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etmiş, komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu əslində əsrdən artıq müddətdə Azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların zəbt ediməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Lakin 1920-ci ildə Sovet ordusunun Azərbaycanı işğal etməsi bu işləri başa çatdırmağa imkan vermədi.

Sovet İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan Respublikası soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.

1998-ci ildə Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək Azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi hallarla dünyanın hər bir yerində amansız mübarizə aparmaq üçün səylərin birləşdirilməsinə çağırmışdır.

Azərbaycan xalqının hər il qeyd etdiyi "Azərbaycanlıların Soyqırımı Günü" həmin məqsədlərə və dünya ictimaiyyətinin diqqətinin bu gün də davam edən şovinizm, separatçılıq hallarına cəlb edilməsinə xidmət edir. Yaddan çıxarmaq olmaz ki, biz hamımız - dünyanın bütün xalqları bəşəriyyətin gələcək əmin-amanlığına məsuliyyət daşıyır.

ABUNƏ OL

s52s