Sosial iş

İxtisasın şifri: 050813
İxtisas qrupu: III
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili
Təcrübə müddəti: 14 həftə
Tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Sosial iş ixtisasının missiyası rifah, sosial və iqtisadi ədalətin bərqərar olmasına töhfə verməkdir. Bu proqram tələbələrə sosial məsələlər, sosial problemlər, sosial rifah və sosial işə aid qanunvericilik bazası, sosial siyasət, sosial işin nəzəriyyələri və sosial iş müdaxilələri və fəaliyyətləri barədə biliklərin ötürülməsinə xidmət edir.
Proqram Sosial iş tələbələrinə ehtiyacların araşdırılması və təhlil edilməsi, nəticələrə müvafiq sosial işin həyata keçirilməsi, eyni zamanda bu sahədə tədqiqat aparmaq bacarıqlarını aşılayır. Tələbələr proqram boyunca Sosial iş peşəsi üçün vacib olan bilik və bacarıqlara yiyələnir, din, etnik mənsubiyyət, gender, yaş və funksionallığın insanların hüquqlarına və onlara qarşı olan münasibətə təsiri meyilləri barədə məlumatlanırlar.

Proqramın məqsədləri:

  • Ədalətsizliklə mübarizə aparması və sosial dəyişikliyi təşviq etməsi məqsədilə sosial işçilər hazırlamaq;
  • Ailə və icma sistemlərinin imkanlarını gücləndirməklə risk qrupuna daxil olan fərdlər və ailələrlə işləyə biləcək sosial işçilər hazırlamaq;
  • Fərdlərə və ailələrə təsir edən məsələləri, sosial siyasəti və icma ehtiyaclarını yaxşı mənada dəyişə bilən “dəyişiklik agentləri”ni hazırlamaq;
  • Müxtəlif əhali qrupları ilə qəbul olunmuş etik prinsiplər çərçivəsində işləməyə qadir olan ümumi sosial işçilər hazırlamaq;
  • Davamlı sosial iş təhsil üçün zəmin yaratmaq.

Azərbaycan Universitetində Sosial iş ixtisası Sosial iş fakültəsinin tərkibindədir. Fakültənin 5 müəllimi xaricdə magistratura səviyyəsində Sosial iş təhsili alıb. Onlardan ikisi ABŞ-ın Washington St. Louis Sosial iş Məktəbinin, ikisi Columbia Universitetinin, biri isə Stockholm Universitetinin məzunudur. Müəllimlərdən 4 nəfəri fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Ümumilikdə isə kafedranın müəllimlərinin hər birinin Sosial iş sahəsində praktiki baxımdan dərin təcrübəsi var.
Azərbaycan Universitetini digər ali təhsil müəssisələrindən fərqləndirən amillərdən biri də dərs deyən müəllimlərin sırf Sosial iş təhsilinə malik olmasıdır. Bundan əlavə müəllimlər Sosial işi müxtəlif səviyyələrdə (mikro, mezo və makro) həyata keçirən yerli və beynəlxalq təşkilatlarda Sosial işçi kimi işləyirlər. Onların işdə qazandıqları təcrübə dərs zamanı real keyslərin (konfidensiallığın qorunması şərti ilə) təqdim edilməsi, həmin keyslərə nəzəriyyələrin tətbiq edilməsi zamanı yerli xüsusiyyətlər nəzərə alınmaqla həll edilməsi üçün zəmin yaradır.
Abituriyentlər Azərbaycan Universitetini seçdikləri halda ixtisas üzrə bilikləri sırf Sosial iş mütəxəssislərindən öyrənəcək, interaktiv dərslərin iştirakçısı olacaq və praktiki Sosial işçiyə lazım olan bütün bilik və bacarıqlara yiyələnəcək, bununla yanaşı yanaşı, AU-nun xarici universitetlərlə əlaqələri əsasında İsveç Krallığının Lund Universiteti və Türkiyənin Hacettepe Universitetində ixtisasları üzrə müvafiq olaraq 1 (bir), yaxud 2 (iki) semestr təhsil almaq imkanı əldə edəcəklər.
Sosial iş ixtisası üzrə təhsil alan tələbələr tədris prosesində sosial xidmət göstərən bütün dövlət, qeyri-dövlət və beynəlxalq təşkilatlarla tanış olur, müqavilə əsasında müvafiq təşkilat və müəssisələrə istehsalat təcrübəsinə göndərilir. Təcrübə rəhbəri həmin tələbələrin təşkilatlardakı fəaliyyətinə supervayzerlik edir, tələbələrin təcrübə yerindən mümkün qədər çox faydalanması üçün onları qəbul edən təşkilatlarla danışıqlar aparılır.
Sosial işin bakalavriat səviyyəsini bitirdiklərində məzunlar fərdi, qrup və icma səviyyələrində sərbəst Sosial işçi kimi işləmək üçün tələb olunan bilik və bacarıqlara yiyələnmiş olurlar.

Məzunlar, həmçinin:

  • Sosial işin baza biliklərinə malik olur;
  • İrqindən, dinindən, yaşından, cinsindən, fiziki, əqli və funksional durumundan, sosial statusundan asılı olmayaraq insanların sosial mühitlə qarşılıqlı əlaqələri barədə məlumatlı olur;
  • Sosial problemləri izləmək və araşdırmaq bacarığı və səriştəsinə malik olur;
  • Mövcud problemə müdaxilə yolunun müəyyən edilməsi, sosial işin həyata keçirilməsi və sonda nəticənin qiymətləndirilməsi bacarığına sahib olur;
  • Sosial işin idarə olunması bacarığına sahib olur;
  • Komandada işləmək və digər peşə sahibləri ilə əməkdaşlıq etmək bacarığına sahib olurlar.

Sosial iş ixtisasını bitirən məzunlar əhalinin müxtəlif qruplarının sosial müdafiəsi həyata keçirən dövlət və qeyri-dövlət təşkilatlarında, həmçinin müvafiq beynəlxalq təşkilatların yerli nümayəndəliklərində çalışa bilirlər. Bu təşkilatlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiəsi Fondu, Təhsil Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının müfaviq fondları və s. aid etmək olar.

Sosial iş ixtisasının tanıtım videosu

5HgF95YV8sA

Tədris olunan başlıca fənlər:

  • Sosial işə giriş
  • Sosial işin nəzəriyyəsi və təcrübəsi
  • Sosial işdə etik prinsiplər
  • Fərdlər, qruplar və ailələrlə Sosial iş
  • Sosial işdə tədqiqat metodları
  • Sosial siyasət
  • Sosial proqramlar və xidmətlər
  • Qloballaşma və beynəlxalq sosial iş
  • Təşkilat və icmalarla sosial iş
  • Sosial iş və ailədaxili zorakılıq
  • Uşaq və yeniyetmələrlə sosial iş
  • Əlilliyi olan insanlarla sosial iş
  • Qaçqın və məcburi köçkünlərlə sosial iş

Fakültə tərəfindən tədris olunan fənlərin qısa təsvirini BURADAN görə bilərsiniz.
Sosil iş ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s