Tələbə klubları

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı
2006-cı ildə təsis edilən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AU TGT), ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilatın əsas vəzifələri

  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində iş aparılması;
  • Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Tələbələrin hüquqlarının təmin edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və s. kimi digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsidir.

AU TGT 2013-cü ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi "Yaxşıların yaxşısı-2013" mükafatının təqdimatı mərasimində ilin ən yaxşı “Tələbə Gənclər Təşkilatı” seçilib.

AU TGT Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibəti ilə fəxri fərmana layiq görülüb. AU TGT komandası fəxri fərmanı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın həyata keçirilməsində fəal iştirakına görə alıb.

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heybətzadədir. Cavidan Heybətzadə Sosial iş fakültəsinin tələbəsidir.


Azərbaycan Universiteti Gənc İqtisadçılar Klubu
Azərbaycan Universiteti Gənc İqtisadçılar Klubu (AU GİK) biznes və iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrin fərdi inkişafına xidmət və karyeralarının planlaşdırılmasına kömək etmək, həmçinin onları iş həyatına hazırlamaq məqsədiylə fəaliyyət göstərir. 2015-ci ilin fevral ayında fəaliyyətə başlayan klub tərəfindən hər həftənin cümə günləri tanınmış iqtisadçı və təlimçilər tərəfindən maarifləndirici seminar və təlimlər təşkil olunur. Klubun bütün tədbirləri ictimaiyyətə açıqdır.

Biznes və iqtisadiyyat fakültəsinin tərkibində fəaliyyət göstərən kluba Aytən Əsədova rəhbərlik edir.


Azerbaijan University Student & Business World
“Student & Business World” klubu Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin tərkibində fəaliyyət göstərir. Klub tərəfindən əsasən yuxarı kurs tələbələrinin iş həyatına hazırlanması, peşəkar mütəxəssis kimi yetişməsi və karyeralarının uğurlu planlaşdırılmasına töhfə verəcək layihələr həyata keçirilir. Tədbirlərə əsasən beynəlxalq və yerli şirkətlərin nümayəndələri dəvət olunur.

2015-ci ilin fevral ayında fəaliyyətə başlayan klub Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Fərid Həsənli, Ramin Həsənov, Nicat Teymurov, Gülşən Əliyeva və Tofiq Ələkbərli tərəfindən qurulub.


Azərbaycan Universiteti Gənc İstedadlar Birliyi
Azərbaycan Universiteti Gənc İstedadlar Birliyi (AUGİB) 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. Birliyin məqsədi istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması, onların dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaqdan ibarətdir. “Özünü, sözünü önəmsəyən gənclərin birliyi - Gənc İstedadlar Birliyi” şüarı ilə fəaliyyət göstərən AUGİB, bakalavriat və magistratura pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələri birləşdirir. Mədəniyyətdən biznesə, səhiyyədən mediaya, idmandan ekologiyaya qədər müxtəlif sahələri əhatə edən maarifləndirmə xarakterli layihə və təlimlər həyata keçirən birlik, universitet daxilində fəaliyyət göstərən tələbə birlikləri, ölkədə fəaliyyət göstərən universitet və qurumlarla sıx əməkdaşlıq edir.

Azərbaycan Universiteti Gənc İstedadlar Birliyinin sədri Hüseyn Kərimovdur. Hüseyn Kərimov Biznes və iqtisadiyyat fakültəsində oxuyur.



Azərbaycan Universiteti Media Klubu
Azərbaycan Universiteti Media Klubu (AUMK) 2013-cü ilin oktyabrında fəaliyyətə başlayıb. Klubun fəaliyyət istiqamətləri universitetdə tələbə mediasının formalaşdırılması, Universitetin internet resursları üçün layihələr hazırlanması, klub üzvlərinə foto və video bacarıqlarının qazandırılması istqamətində təlimlərin təşkili, müxtəlif səpkili debat, konfrans, seminar, dəyirmi masa və müzakirələrin, o cümlədən filmlərin nümayişinin, müsabiqələrin, gəzintilərin təşkili, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sənədlərlə, fotoşəkillərlə, videomateriallarla tələbələrin və dünya ictimaiyyətinin diqqətinə çatdırılması olaraq müəyyənləşdirilib.

Media Klubunun təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gənclər Günü”ndə universitetdə rəhbər vəzifələri tələbələr icra edirlər. "Varis Günü" adı altında həyata keçirilən layihənin məqsədi tələbələrdə idarəçilik ənənələrinin formalaşdırılmasıdır.

Azərbaycan Universiteti Media Klubunun sədri Tural Səlimlidir. Tural Səlimli Biznes və iqtisadiyyat fakültəsinin tələbəsidir.


Azərbaycan Universiteti Debat Klubu
Azərbaycan Universiteti Debat Klubu (AUDK) universitet daxilində müxtəlif debatlar və debat təlimləri təşkil edir. Daxili turnirlərin qalibləri ölkə üzrə müxtəlif debat müsabiqələrində Azərbaycan Universitetini təmsil etmək hüququ əldə edirlər.
Debat təlimlərində iştirak edən tələbələr auditoriya qarşısında sərbəst çıxış etmək, natiqlik bacarıqlarını inkişaf etdirmək, özünü komanda işində (Team work) sınamaq, qarşısındakını inandırmaq, komplekslərdən azad olmaq, rasional qərar qəbuletmə metodlarını öyrənmək, araşdırmaq qabiliyyətini inkişaf etdirmək, yeni dostlar qazanmaq kimi bacarıq və vərdişlərə sahib olurlar.


Azərbaycan Universiteti “IT” Klubu
Klubun məqsədi Kompüter mühəndisliyi, Kompüter elmləri və Riyaziyyat və informatika ixtisasları üzrə təhsil alan tələbələrdən ibarət yüksək hazırlıqlı, mobil, AU-nu beynəlxalq IT və proqramlaşdırma müsabiqələrində təmsil edə biləcək, gələcəkdə AU üçün müvafiq sahədə kadr potensialına çevrilə biləcək komanda yaratmaqdır.

Klub tərəfindən informasiya texnologiyaları sahəsi, proqramlaşdırma müsabiqələri, internet və veb texnologiyalarının gətirdiyi yeniliklərə dair seminarlar təşkil olunur. Bu seminarlara AU-nun peşəkar müəllimləri ilə yanaşı ölkədə bu sahədə fəaliyyət göstərən mütəxəssislər də cəlb olunur.

2015-ci ilin aprel-may aylarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbələr arasında informatika olimpiadası, aprel-may aylarında Gürcüstanda keçiriləcək Beynəlxalq proqramlaşdırma müsabiqəsi, sentyabr ayında Qafqaz Universitetində keçiriləcək “ZADEH” kuboku turnirində və tələbələr arasında proqramlaşdırma üzrə ACM 40-cı dünya çempionatına hazırlaşıb Azərbaycan Universitetini təmsil etmək klub üzvlərinin öncəlikləri sırasındadır.

Rəqabətqabiliyyətli kadr hazırlığına töhfə vermək, xarici universitetlər ilə əməkdaşlıq etmək yolu ilə beynəlxalq təcrübənin öyrənilib AU-dakı tədris prosesinə tətbiq etmək, AU-nun bu sahədə brendinin yaradılması isə klubun başlıca perspektivlərindəndir.


Azərbaycan Universiteti Kitab Klubu
“Xəzinənin açarı növbəti səhifədə” klubun şüarıdır. Kitabsevər tələbələri biraraya toplayan Kitab klubunun əsas məqsədi tələbələri daha çox kitab oxumağa səsləyərək mütaliə qabiliyətini inkişaf etdirməkdir. Klub, yeni nəşr olunmuş kitabların təqdimatı və müəlliflərlə görüşlərin keçirilməsi, kitab sərgilərinin, kitabın təbliğatı üçün müxtəlif maarifləndirmə tədbirləri və aksiyaların, seminar, dəyirmi masa və müzakirələrin təşkili və s. kimi bənzər tədbirlərlə kitabı aktualaşdırmaq üçün səy göstərir.

Kluba İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Cavidan Dadaşov rəhbərlik edir.


Azərbaycan Universiteti “Empatiya” Klubu
Klub, Sosial iş fakültəsinin nəzdində fəaliyyət göstərir. Cəmiyyətdə sağlam düşüncəli gənclərin sayını artırmaq, risk qrupları və digər bütün sosial qruplarla birbaşa əlaqə yaratmaq və onlarla işləmək, həmçinin həssas qrupların cəmiyyətə inteqrasiyanı təmin etmək məqsədi ilə müxtəlif səpkili maarifləndirici təlim və tədbirlər hazırlayan “Empatiya” klubu Sosial iş ixtisası üzrə təhsil alan tələbələri biraraya toplayır. Kluba Nigar Temrazova rəhbərlik edir.


ABUNƏ OL

s52s