XƏBƏRLƏR

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin  mükafatlandırma mərasimi keçiriləcək

14 mart 2018

Baxış sayı: 3829

“Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmiş işi müsabiqəsinin mükafatlandırma mərasimi sabah keçiriləcək. Mərasim Azərbaycan Universitetinin Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında (akt zalı, II mərtəbə) saat 11.00-da başlayacaq.

Qalibləri  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı gözləyir. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahibinə isə 400 manat pul mükafatı təqdim olunacaq.

Enerji səmərəliliyinin artırılması, alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin təbliğinə yönəlmiş müsabiqə gənc tədqiqatçıların bu sahədəki intellektual potensialının üzə çıxarılmasına, gəncləri qlobal elmi problemlərin həllinə cavab axtarışına cəlb etmək kimi mühüm məqsədlərə xidmət edir. Ölkənin bütün ali məktəblərinin tələbə, magistrant və doktorantlarına Azərbaycan şəraitində həyata keçirilə biləcək ideya və təkliflərini təqdim etməyə şərait yaradan, 5 istiqamət və 2 mərhələdə təşkil olunan müsabiqənin birinci turuna 19 universitetdən 30 iş daxil olub. Təqdim olunmuş işlər müvafiq komissiya üzvləri tərəfindən araşdırılıb və onlardan 14-ü ikinci tura buraxılıb.

İkinci tura adlayan işlər Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, AMEA-nın elmi tədqiqat-institutları və ölkənin qabaqcıl ali məktəblərinin mütəxəssis və alimlərindən ibarət komissiya tərəfindən işin aktuallığı və yeniliyi; tədqiqata yanaşmanın orijinallığı; aparılan tədqiqatın dərinliyi və innovativliyi; alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması; görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti; təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi kimi kriteriyalar üzrə dəyərləndirilib.

Finalçılar arasında Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət, Universiteti, Fransa-Azərbaycan Universiteti, Avrasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Bakı Ali Neft Məktəbi və müsabiqənin ev sahibi Azərbaycan Universitetinin tələbə, magistrant və doktorantları var.

Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi
14.03.2018


DİGƏR XƏBƏRLƏR