“MODERNLƏŞMƏ ŞƏRAİTİNDƏ MİLLİ İQTİSADİYYATIN İNKİŞAFININ
AKTUAL PROBLEMLƏRİ VƏ PERSPEKTİV İSTİQAMƏTLƏRİ”
Respublika elmi konfransı 
10 oktyabr 2018-ci il, Azərbaycan Universiteti

“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasında, daha sonra isə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə qarşıdakı dövrdə ölkə iqtisadiyyatının starteji inkişaf xətti kimi  modernləşmə siyasəti əsas vasitə kimi göstərilmişdir.

Son 10 ildə ölkənin sosial-iqtisadi həyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı yüksəlişə nail olmuş, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bu dövr Azərbaycan iqtisadiyyatında yeniləşmə mərhələsi və keyfiyyət dəyişikliklərinin başlanğıc tarixidir. 

Qarşıdakı dövrdə əldə edilən nailiyyətlərin saxlanılması ilə yanaşı, inkişafın yeni istiqamətləri və problemlərin həlli yolları müəyyən edilməli, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. Həmin vəzifələrin uğurla yerinə yetirilməsi və inkişafın yeni istiqamətlərinin müəyyənləşdirilməsində elmi tədqiqatlar və onların nəticələrinin iqtisadiyyatın və cəmiyyət həyatının bütün sahələrində  istifadə edilməsi mühüm rol oynayır.

Konfransın keçirilməsinin məqsədi milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə təcrübəli alim və mütəxəssisləri cəlb etmək, onların potensialını müvafiq məsələlərin həllinə yönəltməkdən ibarətdir.