Qəbul imtahanlarının yeni modeli

Ali təhsil müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə  əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq. Abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.  

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə olmaqla tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:

  • I qrup – Riyaziyyat, Fizika, Kimya
  • II qrup – Riyaziyyat, Coğrafiya, Tarix (Azərbaycan və Dünya tarixi)
  • III qrup – Azərbaycan dili (Rus dili), Tarix (Azərbaycan və Dünya tarixi), Ədəbiyyat
  • IV qrup – Kimya, Biologiya, Fizika