XƏBƏRLƏR

Azərbaycan Universitetində sosial xidmət mərkəzinin yaradılması layihəsinin təqdimatı keçirilib

Azərbaycan Universitetində sosial xidmət mərkəzinin yaradılması  layihəsinin təqdimatı keçirilib

20 may 2016

Baxış sayı: 5255

Azərbaycan Universitetində yeni Sosial xidmət mərkəzi – telefon məlumat xidmətinin yaradılması layihəsinin təqdimatı keçirilib. Layihənin məqsədi həssas təbəqədən olan insanların ehtiyaclarını müəyyənləşdirərək, onları sosial xidmətlər barədə məlumatlandıraraq, müvafiq xidmətlərə yönəltməkdir. Telefon-məlumat xidmətinin universitetin Sosial iş fakültəsinin nəzdində yaradılması nəzərdə tutulur.  
Tədbiri Sosial iş fakültəsinin dekanı Aygün Musayeva açaraq iştirakçılara layihə haqqında məlumat verib. Dekan qeyd edib ki, ölkədə sosial xidmətlər üzrə vahid məlumat bazasının olmaması, mövcud xidmətlərin pərakəndə şəkildə təqdim edilməsi və bu sahədə koordinasiyanın zəif olması yeni sosial xidmət mərkəzinin – telefon məlumat xidmətinin yaradılmasını gündəmə gətirib. Yaradlacaq sosial xidmət mərkəzinə həssas təbəqədən olan şəxslər tərəfindən gələn zənglər xüsusi təlimləndirilmiş Sosial iş tələbələri tərəfindən cavablandırılacaq. Tələbələr həmçinin bu əhali qrupu ilə telefonla ünsiyyət qaydalarını da öyrənəcəklər. Zənglərin konfidensiallığı qorunacaq və tələbələrin fəaliyyətinə fakültənin müəllim heyəti tərəindən nəzarət ediləcək.
İştirakçılara layihənin mərhələləri, benefisiarları və gözlənilən nəticələri haqqında da məlumat verilib. Tədbir iştirakçılarından Kəmalə Məmmədova (Qadın və uşaqların problemlərinin araşdırılması İctimai Birliyi), Gülayə Səfərova (Ailə dünyası – Ailələrə hüquqi yardım İctimai Birliyi), Züleyxa Nəcəfova, Elmir Valehli (UAFA – Azərbaycana birgə yardım fondu), Mayıs Əliyev (Sosial hüquqların araşdırılması İctimai Birliyi), Esmira Rəhimova (Ailələrə sosial dəstək İctimai Birliyi), Herbert Paulişini (Azərbaycanda sosial xidmət təminatının inkişafı üzrə tvinninq layihəsinin müşaviri) layihə ilə bağlı fikir, rəy və təkliflərlə çıxış ediblər.
Tədbirdə sosial xidmət göstərən dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri  ilə yanaşı “Azərbaycanda sosial xidmət təminatının inkişafı” tvininq layihəsinin xarici ekspertləri də iştirak edib. Tədbirin ikinci hissəsində  “Sosial xidmət təminatının keyfiyyət standartı” işçi sənədinin ilkin müzakirəsi də aparılıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
20.05.2016

DİGƏR XƏBƏRLƏR