XƏBƏRLƏR
Azərbaycan Universiteti “Elm və ali təhsilin beynəlmiləlləşməsi” tədbirində təmsil olunub
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektoru Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamaliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Elm və ali təhsilin beynəlmiləlləşməsi” tədbirində iştirak ediblər.
Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumları, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələr, onların təhsilinin təşkili üzrə məsul əməkdaşlar iştirak ediblər.
Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova açılış nitqi ilə çıxış edərək elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və əhəmiyyətini vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev universitetlərin beynəlxalq reytinqinin yüksəldilməsi, universitetlərdə tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili kimi məsələlərə toxunub. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi əhəmiyyətini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.
Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Tədbir “Elmi universitetə necə gətirməli?” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzuları üzrə panel sessiyalarla davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi