XƏBƏRLƏR

Azərbaycan Universitetinin magistratura qəbul planına yeni ixtisaslaşmalar əlavə olunub

Azərbaycan Universitetinin magistratura qəbul planına yeni ixtisaslaşmalar əlavə olunub

12 iyun 2024

Baxış sayı: 291

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planı, həmçinin MBA proqramı üzrə (Biznesin idarə edilməsi üzrə magistr poqramı) plan yerləri təsdiqlənib. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır və bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir. 

Magistratura səviyyəsi üzrə qəbul planına 2 yeni ixtisaslaşma əlavə olunub. Yeni tədris ilindən başlayaraq Təhsildə sosial-psixoloji xidmət və MBA proqramının İnsan resurslarının idarə edilməsi istiqamətləri üzrə də magistr hazırlığı aparılacaq. 

Ümumilikdə isə Azərbaycan Universitetinin magistratura səviyyəsinə bu il 233 tələbənin qəbulu planlaşdırılır. Qəbul planında 10 ixtisas və 19 ixtisaslaşma üzrə 143 yer ayrılıb. MBA proqramında isə 6 ixtisaslaşma üzrə yer planlaşdırılıb ki, onlardan 50 yer Azərbaycan bölməsinin, 40 yer isə ingilis bölməsinin payına düşür. İngilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

MBA proqramının Marketinq istiqamətinin kadr hazırlığı İtaliyanın Tuscia Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirilir. Proqramda iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Həm yerli, həm də xarici tələbələrə açıq olan proqramda dərslər hər iki ali təhsil müəssisəsinin professorları tərəfindən tədris edilir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.

MBA proqramı istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (DS) qəbul mümkündür. Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.

Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana” beynəlxalq mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Ximdəti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.

Azərbaycan Universitetinin bakalavriat pilləsindən cari ildə məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunur. 

Magistratura səviyyəsi üzrə plan yerləri, keçid balları ilə bağlı daha ətraflı məlumat üçün:
https://www.au.edu.az/az/admission/magistraturaya-qebul

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR