NEWS

Ənənəvi yay məktəbi də onlayn formatda təşkil olunub

Ənənəvi yay məktəbi də onlayn formatda təşkil olunub

04 september 2020

Baxış sayı: 2522

Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti tərəfindən hər ilin sentyabr ayında təşkil olunan ənənəvi beynəlxalq yay məktəbi yaranmış ekstremal şəraitə uyğun olaraq Zoom proqramı vasitəsilə onlayn formatda keçirilir. Liderlik və məşğulluq: qlobal əmək bazarı üçün bacarıqlar”(Global Job Skills: Leadership and Employability) mövzusuna həsr olunmuş yay məktəbinin iştirakçılarına dünya əmək bazarında liderlik və məşğulluq üçün tələb olunan bilik və bacarıqlar tədris olunacaq. İştirakçılar həmçinin koronavirus pandemiyasının ali təhsilə, məşğulluq və əmək bazarına milli və beynəlxalq səviyyədə təsirləri ilə bağlı mühazirələrə qulaq asacaq, mövzu ilə bağlı təlim və qrup işlərində iştirak edəcəklər.

Təlimləri yay məktəbinin tərəfdaşları olan universitetlərin professor-müəllim heyəti aparacaq. Beynəlxalq yay məktəbinə Bakı Mühəndislik və Azərbaycan Dövlət İqtisad universitetlərindən də tələbə və təlimçilər dəvət olunub. Tədbirdə  Azərbaycan Universitetinin 4 tələbəsi iştirak edir. Ümumilikdə isə Azərbaycan, Gürcüstan və Almaniya universitetlərindən 25 tələbənin müraciəti qəbul olunub.

Sentyabrın 4-dən 12-dək davam edəcək tədbirin açılışı bu gün olub. Açılış mərasimində tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar. Açılış mərasimində Azərbaycan Universitetini elmi işlər üzrə prorektor, prof. Yusif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

Açılışın ardından Koblenz Universitetindən prof. Maqdalena Stülb və Dr. Qabriele Wolf və Sven Binder “Müxtəlif mədəniyyətli komandaların sinerjisinin yaradılması”, “Beynəlxalq əmək bazarı: Almaniyada məşğulluq”, “Müsahibə üsulları” mövzularında təlim keçiblər.

Beynəlxalq yay məktəbi həftə sonunda işini davam etdirəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.09.2020

OTHER NEWS