NEWS
Azərbaycan Universitetində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub
Azərbaycan Universitetində Sosial işin təşkili kafedrası tərəfindən “10 Dekabr- Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə maarifləndirici və informativ xarakterli interaktiv oyun keçirilib. Tədbirin məqsədi tələbələrin insan hüquqları ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq və onları ictimai fəallığa təşviq etməkdir. Kafedranın müəllimi Aynur Bünyatovanın moderatorluğu ilə baş tutan tədbirdə Gənclərlə iş ixtisası üzrə təhsil alan magistratura II kurs tələbələri iştirak edib.
Tələbələr xüsusi hazırlanmış çarxı çevirərək insan hüquqları ilə bağlı sualları cavablandırıblar. Suallara düzgün cavab verən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub. Tələbələr fəaliyyət zamanı maraqlı sual və tapşırıqlar üzərində işləyərək, həm insan hüquqları ilə bağlı yeni məlumatlar əldə ediblər, həm də xoş anlar yaşayıblar.
Tədbirin sonunda iştirakçılara təşəkkür edən Aynur Bünyatova qeyd edib ki, hüquqlarımızı bilmək, qorumaq və başqalarının hüquqlarına hörmət etmək hamımızın məsuliyyətidir.
Qeyd edək ki, BMT Baş Assambleyasının qətnaməsi ilə 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir.
İctimaiyyətlə əlaqələr şöbəsi