1991-ci il: Azərbaycan Respublikasında təsis olunmuş ilk özəl universitetlərdən Azərbaycan Universiteti fəaliyyətə başlayıb.
1993-cü il: Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı Dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib.
1994-cü il: Azərbaycan Universiteti Planlaşdırma üzrə Avropa Məktəblər Assosiasiyasına (AESOP) üzv olub.
1995-ci il: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli, 72 nömrəli qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınıb.
1996-cı il: Azərbaycan Universiteti Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasına (IAUP) üzv olub.
1997-ci il: Azərbaycan Universiteti Universitetlərin Beynəlxalq Assosiasiyası (IAU) və Demokratiya üzrə Universitetlər Alyansına (AUDEM) üzv olub.
1997-ci il: Təhsil Nazirliyinin 17 iyun 1997-ci il tarixli 412 №-li əmri ilə Azərbaycan Universitetində magistratura səviyyəsində kadr hazırlığına icazə verilib.
1997-ci il: Azərbaycan Universitetinin elmi məqalələr jurnalı “İpək Yolu” fəaliyyətə başlayıb.
1998-ci il: Azərbaycan Universiteti Keyfiyyət və Xidmət üzrə “Amerika Qran Pri” sinin qalibi olub.
2000-ci il: Azərbaycan Universitetinin nəzdində Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə Hüquq klinikası yaradılıb. Layihənin əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə praktik hüquqşünasların nəzarəti altında hüquqi biliklərini praktikada tətbiq etmək imkanı yaratmaqdan ibarət olub.
2000-ci il: Azərbaycan Universiteti Avropa Ali Təhsil Cəmiyyəti (EHES) və İnstitusional Araşdırmalar üzrə Avropa Assosiasiyası (EAIR) adlı beynəlxalq təşkilatlara üzv olub.
2003-cü il: Azərbaycan Universiteti Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış və onun fəaliyyətinə 1003278 saylı lisenziya (qeydiyyat №33) verilib. Lisenziyaya əsasən Azərbaycan Universitetinə həm orta ixtisas təhsili, həm də ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığına icazə verilib.
2004-cü il: Azərbaycan Universitetində Karyera Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət verərək, onları iş dünyasına hazırlayır.
2006-cı il: Azərbaycan Universiteti Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərməyə başlayıb. Tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılıb.
2006-cı il: Avrasiya Hüquqşünaslar Assosiasiyası hüquq sahəsində təhsildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Universitetini “İlin universiteti” elan edib.
2006-cı il: Azərbaycan Universitetində Tələbə Gənclər Təşkilatı (AU TGT) təsis edilib. Təşkilat, ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir.
2008-ci il: 28 mart tarixində Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə birgə Biznes İnzibatçılığı üzrə bakalavriat (Bachelor of Business Administration – BBA) və magistratura (Master of Business Administration – MBA) proqramları təsdiq edilib və 2008/2009-cu tədris ilindən onların tətbiqinə icazə verilib.
2008-ci il: ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə birgə Biznes İnzibatçılığı üzrə bakalavriat (Bachelor of Business Administration – BBA) və magistratura (Master of Business Administration – MBA) proqramlarının tətbiqinə başlanıb.
2009-cu il: Azərbaycan Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli, 213 saylı əmrə əsasən ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunub.
2009-cu il: Azərbaycan Universiteti kredit-çoxballı sistemin tətbiqi üzrə Təhsil Nazirliyi tərəfindən pilot ali məktəb elan edilib.
2009-cu il: Azərbaycan Universitetində “Sosial iş” ixtisasının tədrisinə başlanıb. Sosial iş, əhalinin həssas təbəqələrinin maraqlarını müdafiə etmək və sosial rifahını yüksəltmək uğrunda müvəkkillik edən və töhfə verən, bu istiqamətdə xüsusi proqramlar və siyasət işləyib həyata keçirən bir fəaliyyət növüdür. Azərbaycan Universiteti bu ixtisası tədris edən ilk özəl ali təhsil müəssisəsidir.
2010-cu il: Azərbaycan Universiteti ilə İsveç Krallığının Lund Universiteti arasında “Linnaeus-Palme” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Bu layihə Sosial iş ixtisası üzrə kadr hazırlığına aiddir.
2010-cu il: Azərbaycan Universiteti ilə Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın əsas məqsədi iki qurum arasında müasir elmi-texniki nailiyyətləri sahibkarlığın inkişafına yönəltmək, sahibkarlıq subyektlərini maarifləndirmək, bizneslə təhsilin uzlaşdırılması, rəqabətqabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfə verməkdir.
2010-cu il: Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Tərəflər universitet tələbələrinin Palata və onun üzvü olan təşkilatlarda sahə təcrübələri keçmələri üçün şərait yaradılması, tələbə-müəllim heyətinin Palata tərəfindən təşkil olunan təlim və seminarlarda iştirakının təmin edilməsi, mühasibat uçotu və audit sahəsində tələbə konsaltinq xidmətinə metodoloji yardım kimi məsələlərdə birgə işləyirlər.
2011-ci il: Azərbaycan Universiteti Azərbaycandan ilk universitet olaraq CEEMAN (Beynəlxalq Menecmentin İnkişafı Assosasiyası) təşkilatına üzv seçilib. Təşkilatın əsas fəaliyyət istiqaməti menecment müəllimlərinin hazırlanması, menecmentin tədrisi ilə bağlı tədris materiallarının hazırlanmasına dəstək, biznes məktəblərində tədrisin keyfiyyətinin uyğunluğunu müəyyənləşdirən CEEMAN Beynəlxalq Keyfiyyət Akreditasiyasını keçirmək, beynəlxalq tədqiqat layihələrini reallaşdırmaq, biznes məktəblərinin problemlərinin müzakirəsi üçün peşəkarların görüşlərini təşkil etmək və s. ibarətdir.
2011-ci il: Azərbaycan Universiteti Bank Tədris Mərkəzi ilə əməkdaşlığa başlayıb. Sazişə əsasən tərəflər; təlim və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, informasiya mübadiləsi, qanunvericilik-normativ baza və ictimai fəaliyyət olmaq üzrə başlıca dörd sahədə əməkdaşlıq edirlər.
2012-ci il: Azərbaycan Universiteti “Avropaşünaslıq ixtisası sahəsində kurikulumun təkmilləşdirilməsi” (CURDEUS) Tempus layihəsinə qoşulub. Layihənin əsas məqsədi Avropaşünaslıq ixtisası sahəsində mövcud kurikulumun təkmilləşdirilməsi və Avropa standartlarına uyğun yeni kurikulumun tərtib edilməsidir.
2012-ci il: Azərbaycan Universiteti Azərbaycanda ECDL Milli operator və test mərkəzlərinin yaradılması (ECDL National Operator and Test Centers in Azerbaijan ) TEMPUS layihəsinə qoşulub. Layihə ilə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya-kommunikasiya texnologiyaları biliklərində beynəlxalq standartların tətbiqi hədəf kimi qarşıya qoyulub.
2013-cü il: Azərbaycan Universitetində “Daxili Təqaüd və Təhsil haqqından Güzəşt Proqramı”nın tətbiqinə başlanılıb. Tələbələr təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanırlar.
2013-cü il: Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AU TGT) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı-2013” mükafatının təqdimatı mərasimində ilin ən yaxşı “Tələbə Gənclər Təşkilatı” seçilib.
2013-cü il: Dünyanın nüfuzlu ali məktəblərinin təcrübəsində sıx-sıx rast gəlinən daxili özünüqiymətləndirmə prosesinin tətbiqi məqsədilə “Monitorinq və qiymətləndirmə” şöbəsi fəaliyyətə başlayıb.
2014-cü il: Azərbaycan Universiteti Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən “Mevlana Mübadilə Proqramı”na qoşulub. Proqram çərçivəsində pedaqoji heyət və tələbələr Türkiyənin 10-a yaxın tərəfdaş universitetində tədris prosesində iştirak edə bilir.
2015-ci il: Azərbaycan Respublikasında ilk dəfə olaraq Azərbaycan Universitetində “Sosial iş” fakültəsi yaradılıb.
2015-ci il: Azərbaycan Universitetində qoşulduğu TEMPUS layihəsi çərçivəsində ECDL (European Computer Driving Lisence) milli operator və test mərkəzi fəaliyyətə başlayıb. Təlimləri uğurla başa vuran iştirakçılar kompüter istifadəçi sertifikatı alırlar.
2015-ci il: Azərbaycan Universiteti ilə Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən, rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmağa istiqamətlənib.
2015-ci il: Azərbaycan Universiteti Avropa Birliyinin layihəsi olan “Erasmus+” Beynəlxalq Kredit Mobilliyi Proqramı ilə əməkdaşlığa başlayıb. Proqram əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir.
2015-ci il: Azərbaycan Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında anlaşma memorandumu imzalanıb. Memorandumla “Mövlanə” və “Erasmus+” mübadilə proqramları çərçivəsində əlaqələrin qurulması, universitetlər arasında ikili protokol imzalandıqdan sonra Kompüter elmləri və Kompüter mühəndisliyi proqramlarının Azərbaycan Universitetində inkişafı və gələcəkdə ikili diplom proqramlarının yaradılması haqqında razılıq əldə edilib.
2016-cı il: Azərbaycan Universitetində “İnformasiya-kommunikasiya texnologiyaları” fakültəsi yaradılıb. Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.
2016-cı il: Azərbaycan Universiteti tərəfindən şəhid məzunun Fəxrəddin Seyfəddin oğlu Qurbanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir.
2017-ci il: Azərbaycan Universitetinin IT komandası beynəlxalq “Golden Byte” (Qızıl Bayt) yarışmasının dünya finalını üçüncülüklə yekunlaşdırıb. Komandamız Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən beynəlxalq müsabiqədə “Elektrik sərfiyyatına nəzarət” (Savefy) layihəsi ilə “Internet of things – İnnovasiya layihələri” nominasiyası üzrə mübarizə aparıb.
2017-ci il: Azərbaycan Universiteti ümumi sahəsi 10 min kvadrat metr olan yeni tədris binasına köçüb.
2017-ci il: Azərbaycan Universitetində Elm şöbəsi yaradılıb.
2017-ci il: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədə əsasən hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə birgə tədbirlər həyata keçiriləcək.
2017-ci il: Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflər arasında təhsil, təlim və elmi – tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.
2017-ci il: Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq sertifikat proqramı ECDL-in (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir.
2017-ci il: Azərbaycan Universiteti PTE-nin (Pearson İngilis dili testi) imtahan alt mərkəzi kimi təsdiq olunub. “PTE Academic” IELTS və TOEFL səviyyəsində beynəlxalq test imtahanı olub tələbələr üçün nəzərdə tutulur. “PTE Professional” imtahan testi isə müəllimlər üçündür.
2017-ci il: Azərbaycan Universitetinin saytında “İpək Yolu” elmi jurnalının səhifəsi yaradılıb.
2017-ci il: Azərbaycan Universitetinin elmi jurnalı “İpək Yolu” Academic Keys (ABŞ), Directory of Research Journals Indexing (DRJI – Hindistan), Advanced Science Index (ASI), ESJI (Rusiya), Research Bible (Yaponiya), Journal Impact Factor (JIFACTOR), Scientific Indexing Services SIS (ABŞ) kimi beynəlxalq elmi bazaları tərəfindən indekslənmək üçün qəbul edilib.
2017-ci il: Azərbaycan Universiteti dünyanın məşhur elmi qiymətləndirmə sistemi olan “Thomson Reuters Web of Science®” platformasına və şirkətin əsas məhsulu olan “Thomson Reuters InCites™” bazasına tam çıxış əldə edib.
2017-ci il: Azərbaycan Universiteti ilə Rusiya Federasiyasının elmi istinad bazası olan РИНЦ arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
2017-ci il: Azərbaycan Universitetinin “Çağlayan” jurnalı təsis olunub.
2018-ci il: Azərbaycan Universiteti tərəfindən “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi keçirilib. Ölkədə bu sahədə ilk olma özəlliyini daşıyan müsabiqənin tərəfdaşı Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyidir.
2018-ci il: Azərbaycan Universiteti ilə İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər elm və bədii əsərlərin tərcüməsi və çap olunması, konfrans və simpoziumların təşkili, alim və yazıçıların imza günləri və kitab təqdimat günləri keçirilməsi və bu kimi qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq edəcək.
2018-ci il: Azərbaycan Universiteti ilə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan ilə Çin arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və təhsil əlaqələrinin inkişaf etdirilməsidir.
2018-ci il: Azərbaycan Universitetində Konfutsi Mərkəzinin açılışı olub. Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən mərkəzdə Çin mədəniyyətinin öyrənilməsi və Çin dilinin tədrisi nəzərdə tutulur.
2018-ci il: Latviyada Azərbaycan Universiteti və Latviyanın Liepaja Universiteti tərəfindən “İnnovasiyalar və yaradıcılıq” (Innovations and Creativity) mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Universitetinin təşkilatçılığı ilə ölkə xaricində keçirilən ilk beynəlxalq elmi konfransdır.
2018-ci il: Azərbaycan Universitetinin elmi jurnalı “İpək Yolu”nun Rusiyanın E-LIBRARY (РИНЦ) elmi istinad bazasında indekslənməsinə başlanılıb.
2018-ci il: Azərbaycan Universiteti əməkdaşlarının “Thomson Reuters” (Clarivate Analytics) bazasına daxil olan indekslənən jurnallarda yeddi elmi məqaləsi çap olunub.
2018-ci il: Azərbaycan Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə akkreditə olunub. Azərbaycan Universiteti öz məzunlarına həmin əmrdə göstərilmiş ixtisaslar üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.
2018-ci il: Azərbaycan Universitetinin elmi kitabxanası dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan EBSCO məlumat bazasına birbaşa çıxış əldə edib.
2018-ci il: Türkiyənin Kocaeli şəhərində Azərbaycan Universitetinin də təşkilatçılığı ilə növbəti beynəlxalq tədbir – IV Avropa İqtisadi Konqresi keçirilib. Konqresin digər təşkilatçıları Kocaeli Universiteti və Polşanın WSB Universitetidir.
2019-cu il: PETRA (Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi – Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsi çərçivəsində yaradılmış Təlim – Tədris Mərkəzi (Teaching and Learning Centre) fəaliyyətə başlayıb.
2019-cu il: Prezident İlham Əliyevin imzaladığı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncama müvafiq olaraq universitetin “Nəsimi ili” tədbirlər planı çərçivəsində “Nəsimi auditoriyası” yaradılıb.
2019-cu il: Azərbaycan Universitetində tələbələrin 4 ildə 2 fərqli ixtisas üzrə diplom ala biləcəkləri Universitetdaxili İki Diplom (UDİD) Proqramının tətbiqinə başlanıb.
2019-cu il: Azərbaycan Universiteti bir ilkə imza ataraq Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci tədbirin nüfuzlu iqtisadçı alimlərin iştirakı ilə aprel ayında Bakıda keçirilməsinə nail olub. Konqres, “Tədqiqatyönümlü ali təhsil müəssisəsi” statusuna nail olunması və Azərbaycan Universitetinin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində aparılan ardıcıl və məqsədyönlü işlərin tərkib hissəsi olaraq həyata keçirilib.
2019-cu il: Azərbaycan Universiteti Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə Beynəlxalq İkili Diplom Proqramının tətbiqinə başlayıb. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
2019-cu il: Azərbaycan Universiteti tələbələr üçün yüksək keyfiyyətli təhsil mühitinin yaradılması məqsədilə menecment sistemi üzrə sertifikasiyadan keçərək ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə edib. Universitetin idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğunluğunu təsdiqləyən sertifikat həm təhsil sistemindəki müasir çağırışlara və yeniliklərə çevik uyğunlaşmaq imkanı yaradır, həm də tədris prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin edir.
2019-cu il: 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən “Gender problemi və müasir Azərbaycan” elmi konfransı Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə beynəlxalq statusda təşkil olunub. Öncəki konfranslara göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib.
2019-cu il: Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanı “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edib. Nazir bu barədə müvafiq əmr imzalayıb.
2020-ci il: Azərbaycan Universitetinin bir qrup professor-müəllim heyətinin əldə etdiyi elmi nəticə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə qurumun Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2020-ci ildə aparılan tədqiqatların mühüm nəticələrinə dair hesabat məruzəsinə daxil edilib. Tədqiqat işinin mövzusu “Diferensial və inteqral tənliklər üçün bəzi tərs və düz məsələlərin həll üsullarının işlənməsi, ekspert sistemləri, qeyri-səlis qoyuluşda qərarqəbuletmə alqoritmləri və onların praktiki tətbiqləri”dir.
2021-ci il: Azərbaycan Universiteti Avropa Universitetləri Assosiasiyasının (European University Association - EUA) həqiqi üzvlüyünə qəbul edilib. EUA, Avropa universitetlərinin bir araya gəldiyi ən büyük birlikdir.
2021-ci il: Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Azərbaycan Universitetinin 30 illiyi münasibətilə universitetin rektoru Səadət Əliyeva və bir qrup əməkdaşı yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedajoji fəaliyyətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif edib.
2021-ci il: Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin İnformasiya təhlükəsizliyi üzrə birgə tədris-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb.
2021-ci il: Azərbaycan Universiteti dünyanın öndə gələn turizm qrupu TUI ilə əməkdaşlığa başlayıb. Əməkdaşlığa dair memorandumu universitetin rektoru Səadət Əliyeva və qrupun Türkiyə nümayəndəsi “TUI Hotels & Resorts Türkiyə” şirkətinin rəhbəri Satı Murat Demirer imzalayıblar.
2021-ci il: Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub. Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.
2022-ci il: Azərbaycanda tədqiqatçıların elmmetrik göstəricilərini müəyyənləşdirilməsi məqsədilə ən sıx müraciət olunan elmi nəşr platformalarından biri Elsevier şirkətinin Scopus bazasının 2022-ci il üzrə “Scimago Institutions Rankings” hesabatı açıqlanıb. Azərbaycan Universiteti bu reytinqdə respublika üzrə elmi təşkilat, institut və ali təhsil müəssisələrinin siyahısında 3-cü, ölkə universitetləri sırasında isə 2-ci yerdə qərarlaşıb. Azərbaycan Universiteti bu reytinq üzrə ən yüksək kateqoriya olan Q1 kateqoriyasına daxil olub. Reytinq siyahısında Azərbaycandan 4 universitet, 3 elmi institut və 1 elmi mərkəz olmaqla cəmi 8 qurum yer alıb.
2022-ci il: “İpək yolu” elmi jurnalı “Index Copernicus” bazasında indekslənmək üçün qəbul edilib. “Index Copernicus” bazası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən tanınan filologiya ixtisası üzrə dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri siyahısına daxildir.
2022-ci il: Azərbaycan Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arasında əməkdaşlığa dair memorandum, həmçinin “Erasmus+” mübadilə proqramı çərçivəsində birgə fəaliyyətə dair protokol imzalanıb.
2022-ci il: Azərbaycan Universiteti ilə Türkiyənin Kastamonu Universiteti ilə arasında əməkdaşlığa dair memorandum imzalanıb.
2023-cü il: Sosial iş ixtisası bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb.
2023-cü il: Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında MBA proqramının Marketinq istiqaməti Beynəlxalq İkili Diplom Proqramının həyata keçirilməsi məqsədilə müqavilə imzalanıb. Proqramın tətbiqinə 2023/2024-cü tədris ilində start verilib.
2023-cü il: Scimago (Scimago Institutions Rankings) hesabatına ilk dəfə 2022-ci ildə daxil olan Azərbaycan Universiteti 2023-cü ildə də ölkə universitetləri siyahısında 2-ci yerdə qərarlaşıb. 2022-ci il hesabatında respublikanın elmi müəssəsələri arasında 3-cü olan Azərbaycan Universiteti bu ilki hesabata görə bir pillə irəliləyərək 2-ci yerə qalxıb.
2023-cü il: “İpək yolu” elmi jurnalı “ERIH PLUS” bazasında indekslənmək üçün qəbul edilib. ERIH PLUS platformasında jurnalın profili də yaradılıb. ERIH PLUS Avropada humanitar və sosial elmlər sahəsində akademik jurnal indeksidir.
2023-cü il: Azərbaycan Universitetinin yeni elmi jurnalı “Social Issues” fəaliyyətə başlayıb. “Social Issues” jurnalı sosial elmlər üzrə nəzəriyyələr, metodlar və onların tətbiqlərinə həsr olunmuş, rəyləşdirilən açıq elmi jurnaldır.
2023-cü il: Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universiteti, Ürgənc Dövlət Pedaqoji İnstitutu, Rusiyanın Tümen Dövlət Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.