XƏBƏRLƏR

Azərbaycan Universitetində “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

27 mart 2019

Baxış sayı: 3085

Azərbaycan Universitetində “27 mart – Elm günü”nə həsr olunmuş tədbirdə AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Qloballaşma, ekologiyada baş verən dəyişikliklər və texnologiyaların inkişafının iqtisad elminin qarşısında qoyduğu problemlər” mövzusunda məruzə ilə çıxış edib.

Tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq cənab prezident İlham Əliyevin sərəncamı ilə 27 mart tarixinin “Elm günü” kimi təsis olunmasının Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına olan diqqətinin göstəricisi olduğunu bildirib. Yusif Qasımov çıxışında sərəncamın əhəmiyyətini vurğulayıb, sənədin elmi müəssisə və təşkilatlar, ali məktəblər qarşısında çox mühüm vəzifələr qoyduğunu qeyd edib.

Professor Akif Musayev məruzəsində müasir dövrdə iqtisad elminin qarşısında duran problemlərə diqqət çəkib, xəlvəti iqtisadiyyat, maliyyə sektorunun real sektorla müqayisədə xüsusi çəkisinin daha böyük olması, xidmətin xüsusi çəkisinin maddi istehsalla müqayisədə çox böyük olması, əmək haqqı bölgüsündə anormallıq, rəqəmsal iqtisadiyyatın nəticələrinin qiymətləndirilməsi, kriptovalyutanın və bitkoinin yayılması və bu kimi məqamlara toxunub. Akif Musayev məruzəsində iqtisad elminin, araşdırmaçıların əsas diqqətinin yönəldilməli olduğu sahələr və məsələlər haqqında məlumat verib, iqtisadi siyasət institutlarının qarşısında duran ciddi problemlərə diqqət çəkib.

Məruzənin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi
27.03.2019

DİGƏR XƏBƏRLƏR