XƏBƏRLƏR

Azərbaycan Universiteti BMT-nin İkinci Dünya Sosial Sammitində təmsil olunub

Azərbaycan Universiteti  BMT-nin İkinci Dünya Sosial Sammitində təmsil olunub

12 noyabr 2025

Baxış sayı: 47

Azərbaycan Universiteti Qətərin paytaxtı Dohada keçirilən BMT-nin İkinci Dünya Sosial Sammitində təmsil olunub. Sosial işin təşkili kafedrasının müəllimi, Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı Azərbaycan Universiteti ilə Azərbaycan Sosial İş İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən ictimai birliyin dəvəti ilə tədbirdə iştirak edib. 

Aygün Muradlı sammit çərçivəsində təşkil olunan bir neçə proqramda iştirak edib, regional və beynəlxalq təşkilat və qurumların fəaliyyətləri, həmçinin  sosial iş və sosial inkişafla bağlı qurumların fəaliyyəti ilə tanış olub. 

Aygün Muradlı tədbirdə COP29 Azərbaycan Sədrliyi və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil olunmuş “İnsan inkişafı prinsipləri: iqlimə davamlı və inkluziv sosial inkişaf üçün” adlı sessiyada fəal iştirak edib və müzakirələrə qoşulub. Sessiyada iqlim dəyişiklikləri ilə sosial inkişaf arasındakı əlaqə, inklüziv yanaşmalar və insan mərkəzli inkişaf strategiyaları müzakirə edilib.

Qeyd edək ki, sammitdə Azərbaycanı Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.belə böyük miqyaslı BMT toplantısı tarixdə ilk dəfə Nyu-York və ya Cenevrədən kənarda təşkil olunur. Tədbir 1995-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş İlk Dünya Sosial Sammitindən 30 il sonra baş tutub. 4-6 noyabr 2025 tarixlərində keçirilən sammitdə 200-dək ölkədən 8 mindən çox iştirakçı - dövlət və hökumət başçıları, nazirlər, yüksək səviyyəli BMT rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri, gənclər təşkilatlarının, elm və təhsil ictimaiyyətinin, özəl sektor nümayəndələri bir araya gəlib. Sammitin məqsədi dünyada yoxsulluğun azaldılması, sosial müdafiənin gücləndirilməsi, inklüziv inkişafın təmin edilməsi, sürətli texnoloji və ekoloji dəyişikliklərə cavab vermək üçün yeni yol xəritəsi müəyyənləşdirilməsidir. Azərbaycanın sosial iş sahəsi sammitdə uğurla təmsil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR