XƏBƏRLƏR
Azərbaycan Universitetində cari tədris ili üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Azərbaycan Universitetində 2025/2026-cı tədris ilinin payız semestri üzrə sentyabr-oktyabr aylarında görülmüş işlərin və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunduğu geniş tərkibli iclas keçirilib. Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın sədrlik etdiyi və qarşıda duran vəzifələrin konkretləşdirilməsi baxımından əlamətdar olan iclasda Elmi Şuranın üzvləri və struktur bölmə rəhbərləri iştirak ediblər.
Rektor Səadət Əliyeva gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb, universitetin bütün fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunduğunu qeyd edib. Çıxışında ilk iki ayda əldə olunan nəticələri uğurlu start kimi qiymətləndirən rektor, tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri, diferensial əməkhaqqına keçid, magistratura səviyyəsi üzrə yeni təhsil proqramlarının hazırlanması, əcnəbi tələbələrin qəbulu, beynəlmiləlləşmə istiqamətində görülmüş işlər, o cümlədən universitetin beynəlxalq reytinqlərdəki mövqeyi, müəllimlərin işə qəbulu, yerli və beynəlxalq akkreditasiyaya hazırlıq, Təlim və Tədris Mərkəzinin fəaliyyətinin aktivləşməsi, həyata keçirilən yeni layihələr, tələbəyönümlü mühitin inkişafı və bu kimi məsələlər haqqında geniş məlumat verib. Rektor sentyabr-oktyabr ayları ərzində əldə olunan nəticələrin hər bir sahədə irəliləyişin göstəricisi olduğunu diqqətə çatıdırıb, iclasın həm görülən işlərin qiymətləndirilməsinə, həm də qarşıda duran proritetlərin müəyyənləşdirilməsinə xidmət etdiyini bildirib.
Ardınca dekanlar, kafedra müdirləri və şöbə müdirləri rəhbərlik etdikləri struktur bölmələrin fəaliyyəti barədə hesabatla çıxış ediblər. Hesabatlar tədris mühitinin və prosesinin keyfiyyəti, elmi tədqiqat fəaliyyətinin təşkili, tələbə və müəllim kollektivinin uğurları, universitetin strateji inkişaf planının həyata keçirilməsi, həmçinin idarəetmə və təşkilati məsələləri əhatə edib.
Geniş tərkibli iclasda universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün diqqət tələb edən sahələr də dəyərləndirilib və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov və rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva iclasda müzakirə olunan mövzular haqqında təkliflərlə çıxış ediblər.
Geniş tərkibli iclas cari məsələlərin müzakirəsi ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
