NEWS

Azərbaycan Universitetində yaşıl turizmə həsr olunmuş tələbə konfransı keçirilib

Azərbaycan Universitetində  yaşıl turizmə həsr olunmuş tələbə konfransı keçirilib

19 april 2024

Baxış sayı: 82

Azərbaycan Universitetində magistr və tələbələrin “Yaşıl turizm: yeni imkanlar, yeni trendlər” mövzusunda respublika elmi konfransı keçirilib. Respublikada yaşıl iqtisadiyyat və ekoloji turizmin inkişafı üzrə aktual mövzuların müzakirə olunduğu tədbirin işi iki bölmədə təşkil olunub. Konfransa turizm təhsili verən ali təhsil müəssisələri - Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetindən 60-a yaxın tezis qəbul olunub.

Tədbirin açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov salamlama nitqi ilə çıxış edib. Prorektor çıxışında iştirakçıları rektor Səadət Əliyeva adından salamlayıb, tələbələrin elmi işlərə cəlb olunması və onların elmi potensialının üzə çıxarılması baxımından konfransın əhəmiyyətini vurğulayıb.

Tədbirin qonağı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzdində Azərbaycan Turizm Bürosunun Sənayenin İnkişafı Departamentinin mütəxəssisi Günay Həsənovanın çıxışı ölkənin turizm sənayesinin uğurlarına həsr olunub.

Azərbaycan Universiteti Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi və kafedranın turizm ixtisas fənlərini tədris edən müəllimi Qəhrəman Yusupov tədbirə hazırlıq işləri, təqdim olunan məruzələr və onların seçimi haqqında məlumat veriblər.

Azərbaycan Turizm və Memencment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının müdiri, professor Novruz Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri, dosent Elşən Məmmədov, Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentinin dekanı, professor Ceyhun Məmmədov çıxışlarında konfransın olduqca aktual mövzunun müxtəlif sahələri üzrə müzakirələrin aparılacağı vacib platforma olduğunu diqqətə çatdırıblar. Çıxışlarda iqtisadiyyatın şaxələndirilməsi, turizm resurslarından səmərəli istifadə, turizm və xidmət sənayesinin iqtisadiyyatın digər sahələri ilə əlaqəsi, yaşıl iqtisadiyyat və yaşıl turizm anlayışları, Azərbaycanın enerji siyasətinin prioritetləri, yaşıl enerji potenisalı və bu sahə üzrə hədəflərinə diqqət yetirilib. Həmçinin 2024-cü ilin Azərbaycanda Cənab prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu xatırladılıb, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülmüş işlər haqqında məlumat verilib.

Açılış mərasimi Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Mədinə Məmmədovanın çıxışı ilə yekunlaşıb. Mədinə Məmmədova “Yaşıl dünya və yaşıl turizmin əlaqəsi” mövzusunda məruzə edib.

Açılışın ardından başlayan bölmə iclaslarında konfransa təqdim olunan tezislərin təqdimatı olub, təqdimatlar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan konfransın məqsədi tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, peşə biliklərinin dərinləşdirilməsi və genişləndirilməsi, natiqlik bacarıqlarının inkişaf etdirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS