NEWS

Tərcümə və filologiya kafedrasının “Young Translators” dərnəyinin ilk görüşü təşkil olunub

Tərcümə və filologiya kafedrasının “Young Translators” dərnəyinin ilk görüşü təşkil olunub

18 april 2025

Baxış sayı: 33

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyətə başlayan “Young Translators” dərnəyinin ilk görüşü təşkil olunub. Universitetin kitabxanasında keçirilən tədbirdə Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın müəllimləri dosent  Fəzilə Zəkirova, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Heydər Quliyev və Tərcümə (ingilis dili) ixtisası üzrə müxtəlif kurslarda təhsil alan bir qrup tələbə iştirak edib. 

Tədbiri kafedranın müdiri Gülnar Rzayeva açaraq dərnəyin məqsədi və əhəmiyyəti barədə danışıb. Kafedra müdiri tərcümə sənətinin müasir dünyadakı rolundan bəhs edib, tərcüməçi hazırlığında tələb olunan yeni yanaşma və metodlar haqqında məlumat verib. 

Ardınca kafedranın dosenti Fəzilə Zəkirova çıxış edərək bədii tərcümənin xüsusi yanaşma tələb edən cəhətləri, tərcümə dilinin incəlikləri, tərcümə zamanı müəllif üslubunun qorunmasının vacibliyindən danışıb və tələbələrə praktiki tövsiyələr verib. 

Daha sonra kafedranın baş müəllimi Heydər Quliyev çıxış edərək tərcümənin dil və mədəniyyətlərarası körpü rolu haqqında fikirlərini bölüşüb və dərnəyin fəaliyyətinə uğurlar arzulayıb. 

Çıxışların ardından tələbələrə Somerset Moemin “Flotsam və Jetsam” adlı əsəri təqdim olunub və əsərin müxtəlif hissələri tələbələr arasında bölüşdürülərək bədii tərcümə üçün tapşırıq verilib. Tələbələr növbəti görüşlərdə tərcümə etdikləri hissələri müzakirə edəcək və birlikdə işləyərək əsəri Azərbaycan dilinə uyğunlaşdıracaqlar.

Qeyd edək ki, dərnək gənc tərcüməçilərdə peşəkar səriştələrin formalaşması, bədii tərcümə bacarıqlarının inkişaf etdirilməsi və praktik təcrübə qazanması məqsədilə təsis olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

      

OTHER NEWS