NEWS
Azərbaycan Universitetinin 31-ci Məzun Günü keçirilib
Azərbaycan Universitetinin 2024/2025-ci tədris ilinin məzunlarına həsr olunmuş 31-ci buraxılış Məzun Günü keçirilib. “Badamdar Hotel and Residences”də təşkil olunan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edib. Rektor qeyd edib ki, dünya sürətlə dəyişir, müasir çağırışlar və tələblər təhsil sistemini də dəyişir. Təhsil sahəsindəki müasir çağırışlara adekvat cavab verən Azərbaycan Universiteti tələbələrinə təkcə təhsil vermir, elmi biliklər ötürmür, onlara özgüvən, tənqidi düşüncə, dürüstlük və innovativlik aşılayır, müxtəlifliyə və yeniliyə açıq olmağı, yanlışı və doğrunu ayırd etməyi öyrədir: “Azərbaycan Universitetinin professor-müəllim heyətinə, akademik heyətə dərin minnətdarlığımı bildirirəm. Onlar bu illər ərzində sizə çox böyük və müsbət keyfiyyətlər aşılayıblar. Bütün məzunları ürəkdən təbrik edirəm. Əminəm ki, burada qazandığınız biliklər həyatda layiqli yer tutmağınıza kömək edəcəkdir. Hər birinizdən Azərbaycan Universitetinin məzunu olaraq istər ölkə daxilində, istərsə də ölkədən kənarda vətənimizi, qalib Azərbaycanımızı, qürurlu Azərbaycanımızı hər zaman yüksəklərə qaldırmağınızı istəyirəm”, - deyə rektor bildirib. Səadət Əliyeva çıxışında məzunlara daim öz üzərlərində işləməyi, məqsədə çatandan sonra yeni-yeni hədəflər müəyyənləşdirməyi tövsiyə edib, onlara həyatlarının növbəti mərhələsində uğurlar arzulayıb.
Ardınca Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavinləri Qoşqar Qarayev və Nahid Almasov, müəllimlər Hüseyn Hüseynli, Sədaqət Həsənova, Gülanə İsayeva, Yəmən Respublikasının vətəndaşı, universitetin əcnəbi məzunlarından Ahmed Anwar Hussein Al-Ashwal çıxış edərək təbriklərini və xoş arzularını çatdırıblar. Çıxışlarda əminliklə ifadə olunub ki, tələbəlik dövründə əldə etdikləri bilik və bacarıqlar, mənimsədikləri dəyərlər qədəm qoyduqları yeni, müstəqil və məsuliyyətli həyat yolunda məzunlara mühüm töhfələr verəcək.
Təbrik çıxışlarının ardından fakültələr üzrə birinci, ikinci və üçüncülüklə məzun olanlara, magistratura və MBA proqramının birincilərinə, universitet birincisinə, həmçinin universitet həyatında ictimai fəallığı ilə seçilən məzunlara Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın fəxri fərmanları təqdim olunub.
Biznes və iqtisadiyyat fakültəsinin birincisi Marina Nasibova 97.7 ümumi orta müvəffəqiyyət göstəricisi ilə Azərbaycan Universitetindən birinciliklə məzun olub. Adını universitetin tarixinə yazdıran Marina Nasibova 2024/2025-ci tədris ili məzunları adından çıxış edərək ötən illərlə bağlı unudulmaz xatirələrini bölüşüb, universitet rəhbərliyinə, müəllimlərinə, ona hər zaman dəstək olan ailəsinə təşəkkür edib.
Ənənəvi “Papaqatma mərasimi”nin ardından “Alov” rəqs qrupunun solisti Eliana Pənahova “Sarı gəlin” rəqsini ifa edib. Azərbaycan Dövlət Televiziyasının solisti, beynəlxalq müsabiqələr laureatı, müğənni İlkin Fuad konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycan Universitetini bu il 498-i bakalavriat, 141-i magistratura səviyyəsində olmaqla 639 məzun bitirir.
İctimaiyyətlə əlaqələr şöbəsi