NEWS
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov “Şöhrət” ordeni ilə təltif olunub
Azərbaycan Universitetinin kollektivi adından Milli Məclisin Elm və təhsil komitəsinin sədri, görkəmli tarixçi alim və ictimai xadim, Siyasi və ictimai elmlər kafedrasının professoru Anar İsgəndərovu cənab Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması və 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik!
Professor Anar İsgəndərovun həm elmi-pedaqoji fəaliyyəti, həm ictimai-siyasi mövqeyi, həm də Azərbaycan tarixinin araşdırılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlər, Azərbaycan dövlətçiliyinə, ictimai fikrin formalaşmasına və milli ideologiyanın möhkəmlənməsinə verdiyi töhfələr elmi ictimaiyyət və ölkəmizin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib.
Cənab Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə “Tərəqqi” medalı ilə, 2016-cı ildə “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin bu günlərdə 70 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunması görkəmli tarixçi alimin elmi-pedaqoji fəaliyyətinə, ictimai – siyasi xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir.
Onun zəngin elmi irsi, pedaqoji fəaliyyəti və prinsipial mövqeyi gənc tədqiqatçılar üçün əsl nümunədir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması və 70 illik yubileyi münasibətilə professor Anar İsgəndərovu bir daha təbrik edir, cansağlığı, uzun ömür, elmi - pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi