NEWS

Tarixi Şəxsiyyətlər Klubunun “Gənc alimlərlə görüş” layihəsinin icrası davam edir

Tarixi Şəxsiyyətlər Klubunun “Gənc alimlərlə görüş” layihəsinin icrası davam edir

20 april 2026

Baxış sayı: 11

Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Tarixi Şəxsiyyətlər Klubunun “Gənc alimlərlə görüş” layihəsi çərçivəsində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, Gənc Alimlər Şurasının üzvü Nərmin Məmmədli ilə görüş təşkil olunub. 

Tədbiri giriş sözü ilə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açıb. Kafedra müdiri çıxışında qeyd edib ki, arxeologiya yalnız keçmişin öyrənilməsi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mədəni irsin qorunması baxımından strateji əhəmiyyət kəsb edir. 

Ardınca Tarixi Şəxsiyyətlər Klubunun sədri Rəqsanə Mürsəlova “Gənc alimlərlə görüş” layihəsi haqqında iştirakçılara məlumat verib. Klub sədri qeyd edib ki, layihənin məqsədi tələbələrin elmi potensialının üzə çıxarılması, elmi fəaliyyətə cəlb edilməsi və onlara  gənc alimlərlə birbaşa ünsiyyət imkanlarının yaradılmasıdır.  

Tədbirin əsas hissəsində Nərmin Məmmədli “Kurqan abidələri və onların arxeoloji tədqiqi: Füzuli Yedditəpə kurqanları əsasında” mövzusunda geniş təqdimatla çıxış edib. O, çıxışında Füzuli rayonunun Yedditəpə kurqanlarının tədqiqi prosesindən bəhs edib, qazıntı mərhələləri, qazıntılarda istifadə olunan metodologiya, stratigrafik analiz və tapıntıların interpretasiyası haqqında iştirakçlara ətraflı məlumat verib. 

Qonaq təqdimatın ardından tələbələrin mövzuya dair suallarını cavablandırıb. 

Qeyd edək ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında imzalanan memorandum çərçivəsində həyata keçirilən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsində Azərbaycan Universitetinin tələbələri Şəfa Hümbətova və Zəhra Baxşiyeva ötən il tədqiqatlara cəlb olunub və göstərdikləri fəallığa görə təltif ediliblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS