NEWS
Azərbaycan Universiteti “Transmilli Təhsil Forumu”nda təmsil olunub
Azərbaycan Universiteti Britaniya Şurası (British Council) tərəfindən “Going Global Partnership” proqramı çərçivəsində keçirilən “Transmilli Təhsil Forumu”nda təmsil olunub. Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova iştirak ediblər.
Xəzər Universiteti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan forumun məqsədi Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını genişləndirilməsi olub. Tədbirdə iki ölkə arasında transmilli təhsilin inkişaf perspektivləri, bu sahədə mövcud təcrübələr və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda hər iki ölkənin ali təhsil sistemində transmilli təhsili dəstəkləyən mexanizm və alətlərin müəyyənləşdirilməsi məsələlərinə toxunulub.
Forumda çıxış edən Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva proqramın əhəmiyyətindən və Azərbaycan - Böyük Britaniya təhsil əlaqələrinin inkişaf perspektivlərindən bəhs edib. Daha sonra Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb.
Tədbirdə Xəzər Universitetinin rektoru Dr. Raziya İsayevanın açılış nitqi dinlənilib. Rektor çıxışında beynəlxalq tərəfdaşlıqların universitetlərin inkişafında mühüm rol oynadığını qeyd edib və transmilli təhsilin ali təhsilin beynəlmiləlləşməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, Forum çərçivəsində Britaniya Şurasının Ali Təhsil Sistemləri və Beynəlmiləlləşmə üzrə rəhbəri Eduardo Ramos tərəfindən qurumun transmilli təhsil strategiyasına dair onlayn təqdimat da keçirilib. Təqdimatda transmilli təhsilin qlobal trendləri, strateji yanaşmalar və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi