NEWS

“Planet Travel Agency”də Turizm işinin təşkili ixtisasının təhsil proqramı müzakirə olunub

Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi məqsədilə “Planet Travel Agency” şirkətinin ofisində işgüzar görüş keçirilib. Görüş, bakalavriat səviyyəsi üzrə Turizm işinin təşkili ixtisasının təhsil proqramının özünütəhlil müzakirəsinə həsr olunub.

Tədbirdə “Planet Travel Agency”nin sədri Zöhrab Məmmədov, agentliyin əməkdaşı Təmkin Məmmədov, Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov və Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi iştirak ediblər.

Müzakirələr zamanı Zöhrab Məmmədov turizm sahəsində peşəkar və davamlı fəaliyyət göstərə biləcək kadrların tapılmasının çətinləşdiyini vurğulayıb. O bildirib ki, bu sahədə qeyri-standart və intensiv iş qrafiki gənc mütəxəssislərin marağını azaldır. Turizm işçilərinin günün istənilən saatında operativ qərar vermək və çevik davranmaq bacarığına malik olmaları vacibdir ki, bu da müəyyən hallarda çətinlik yaradır.

Zöhrab Məmmədov həmçinin qeyd edib ki, turizm sahəsində uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar, xarici dil bilikləri, etik davranış və səmərəli ünsiyyət qurmaq qabiliyyəti də önəmlidir. Lakin mövcud vəziyyət bu bacarıqların bəzən yetərli səviyyədə olmadığını göstərir.

Görüşdə rəqəmsal texnologiyalardan istifadə bacarığına da xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, müasir dövrdə bronlaşdırma, marşrutların planlaşdırılması və turizm paketlərinin hazırlanması texnoloji platformalar üzərindən aparılır. Bu səbəbdən tələbələrin “MASTER TUR”, “САМО-ТУР”, “TURWIN MULTIPRO” kimi proqramlarla yanaşı, beynəlxalq bronlaşdırma sistemləri – AMADEUS, GALILEO, SABRE və WORLDSPAN üzrə də bilik və bacarıqlara yiyələnməsi vacib hesab olunur.

Müzakirələrin sonunda vurğulanıb ki, Turizm işinin təşkili ixtisası üzrə təhsil proqramında yer alan məcburi və seçmə fənlərin məzmunu əmək bazarının tələblərinə uyğun şəkildə yenilənməlidir. Praktiki bacarıqların artırılması, rəqəmsal kompetensiyaların inkişaf etdirilməsi və sahəyə uyğun proqram təminatlarının tədrisə inteqrasiyası xüsusi önəm daşıyır.

Bundan əlavə, Təhsil turizmi fənninin seçmə fənn kimi proqramda yer alması məsələsi də müzakirə edilib. Görüş gələcək əməkdaşlıqlar və ortaq təşəbbüslərin həyata keçirilməsi üçün faydalı platforma olub.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS