NEWS
Azərbaycan Universitetinin əməkdaşları Heydər Əliyevə həsr olunan dəyirmi masada iştirak edib
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski və kafedranın müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov Qazaxıstanın Yesenov Universitetində hibrid formatda keçirilən dəyirmi masada iştirak ediblər. “Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq müasir mərhələdə: ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunub.
Dəyirmi masada Qazaxıstan və Azərbaycanın aparıcı ekspertləri, alimləri və ictimaiyyət nümayəndələri, o cümlədən Yesenov Universitetinin müəllim və tələbələri, həmçinin Aktaudakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycan Universitetinin əməkdaşları elmi tədbirə məsafədən qoşulublar. Elvin Talışınski “Ortaq gələcək: Azərbaycan və Qazaxıstan arasında türk dünyasının dialoqu çərçivəsində əməkdaşlığın perspektivləri" mövzusunda məruzə ilə çıxış edib. Eldar Cəfərovun çıxışı isə “Heydər Əliyevin prezidentliyi dövründə Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın geosiyasi aspektləri” mövzusuna həsr olunub.
Dəyirmi masanın moderatoru Qazaxıstandakı Azərbaycan Mərkəzinin direktoru, Yesenov Universitetinin müəllimi İlkin Orucov olub.
İctimaiyyətlə əlaqələr şöbəsi