XƏBƏRLƏR
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor çıxışında qeyd edib ki, 2020-ci il sentyabr ayının 27-si Azərbaycan xalqının yaddaşına həm çox dərin hüzn, həm də böyük qürur və fəxarət mənbəyi kimi yazılıb. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını və Azərbaycan xalqının iradəsini yerinə yetirib, tarixi ədaləti bərpa edib. Qazanılan tarixi zəfər təkcə hərbi qələbə deyil, Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpasına gedən yolu müəyyənləşdirən, regiondakı reallıqları dəyişdirən və Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyan mühüm tarixi hadisədir.
Prorektor çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin müasir Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün gənclərin qarşısında yalnız Zəfər tarixini yaşatmaq deyil, həm də öz fəaliyyəti, biliyi və əməyi ilə ölkənin inkişafına töhfə vermək vəzifəsi dayanır. Müasir Azərbaycan gənci təhsildə, ictimai həyatda və əmək fəaliyyətində özünü inkişaf etdirməli, hər sahədə ən yaxşılar sırasında olmağa çalışmalıdır.
Ardınca Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təsisçisi Ayxan Şahbazsoy; Aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı; “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialının nümayəndəsi, Vətən müharibəsi iştirakçısı Nicat İsmayılov; Aprel döyüşləri iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musəvi və Kamil Zeynallı çıxış edib. Çıxışlarda bildirilib ki, 27 Sentyabr – Anım Günü Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Azərbaycan xalqı öz şəhidlərini və qazilərini heç vaxt unutmayacaq.
Tədbirin bədii hissəsində Şəhidlərin xatirəsinə həsr olunmuş “Əsgər məktubu” səhnəciyi təqdim olunub. Sonra şəhid İsmayıl Mehdiyevin qardaşı Teymurçin Mehdiyev öz yazdığı şeiri ifa edib. “Sossfera” klubunun sədri Cansu Zahirzadə isə “Gözün aydın, Qarabağ” şeirini səsləndirib.
Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə yekunlaşıb. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, qazilər və şəhid ailələri iştirak edib.
Anım tədbiri Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşkilatçılığı ilə keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi


















