XƏBƏRLƏR
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olan gənc tədqiqatçılar ilə görüş keçirilib. Görüşün məqsədi yeni doktorantları universitetin akademik və təşkilati tələbləri ilə tanış etmək, qarşıda duran vəzifələri izah etmək olub.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva doktorantları təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, doktorantura mərhələsinin akademik inkişaf baxımından əhəmiyyətini qeyd edərək, bu müddətdə qarşıya qoyulan tələblərin ardıcıl və vaxtında yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı doktorantların hüquq və vəzifələri, universitetdə doktorantlarla işin təşkili, tədqiqat işlərinin yerinə yetirilməsi, doktorantların attestasiyası, dissertasiyaya dair tələblər, dissertasiyaların təqdim olunması və müdafiəsi ilə bağlı prosedurlar barədə məlumat verilib. Həmçinin Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər, dissertasiyanın əsas elmi nəticələrinin dərc olunması və elmi fəaliyyətin qiymətləndirilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Görüş doktorantları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi






