XƏBƏRLƏR
Azərbaycan Universitetində Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Sosial iş ixtisası üzrə təhsil alan tələbələr və “Sossfera” Sosial İnkişaf Klubunun fəal üzvləri iştirak ediblər.
Tədbirdə kafedranın müdiri Nigar Şahhüseynbəyova açılış nitqi ilə çıxış edərək qeyd edib ki, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü BMT Baş Assambleyası tərəfindən təsis olunub. Günün əsas məqsədi cəmiyyətdə əlilliyi olan şəxslərin hüquqlarına diqqətin artırılması, bərabər imkanların yaradılması, inklüziv yanaşmanın təşviqi və sosial stereotiplərin aradan qaldırılmasının vacibliyini vurğulamaqdır. Çıxışında əlilliyi olan şəxslərlə sosial işin əhəmiyyətindən danışan kafedra müdiri onların hüquqlarının təmin olunması, sosial iştirakçılığının artırılması və inklüziv cəmiyyət quruculuğunun vacibliyini qeyd edib və sosial iş mütəxəssislərinin bu sahədə üzərinə düşən missiyanın böyük olduğunu diqqətə çatdırıb.
Kafedranın müəllimi Ayxan Şahbazsoy çıxışında cəmiyyətdə əlilliyə dair mövcud stiqma, diskriminasiya və stereotipləri təhlil edərək onların aradan qaldırılması üçün tətbiq edilə biləcək konstruktiv sosial iş müdaxilələrindən danışıb. O, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyasını və sosial iştirakçılığını asanlaşdıran innovativ texnologiyalar, müasir yardım vasitələri və beynəlxalq praktikadan nümunələr təqdim edib.
Tədbirin qonağı, Azərbaycan Universitetinin magistrantı və əlilliyi olan şəxs Fidan Hacıyeva-Ağazadə öz şəxsi təcrübəsini bölüşərək qarşılaşdığı çətinliklər, motivasiya mənbələri və mübarizə strategiyaları haqqında danışıb. O, əmək bazarında əlilliyi olan şəxslərin üzləşdiyi çətinliklər, cəmiyyətin münasibətində mövcud boşluqlardan söz açaraq bildirib ki, mühitin əlçatanlığı, infrastrukturun inklüzivliyi və cəmiyyətin dəstəyi onların sosial inteqrasiyası və məşğulluğunun təminində həlledici rol oynayır.
Çıxışların ardından tələbələr əlilliyi olan şəxslərin sosial adaptasiyası, inklüziv mühitin qurulması və reabilitasiya sahəsində bir sıra innovativ təkliflərlə çıxış ediblər.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Fidan Hacıyeva-Ağazadə tələbələrin ona ünvanladığı sualları cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi







