XƏBƏRLƏR

Azərbaycan Universitetində “DəyərliSiz” sosial-inklüziv layihə həyata keçirilib

Azərbaycan Universitetində  “DəyərliSiz” sosial-inklüziv layihə həyata keçirilib

04 dekabr 2025

Baxış sayı: 483

İnklüziv mühitin və dəyərlərin təşviqini, əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını və onların potensialının üzə çıxarılmasını dəstəkləyən təşəbbüs və layihələrdə iştirak edən Azərbaycan Universitetində 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə “DəyərliSiz” sosial-inklüziv layihə həyata keçirilib. Layihədə Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə təlimlərinə cəlb olunan 15 gənc iştirak edib. 

Layihə çərçivəsində universitetin tədris binasında rəsm terapiyası sessiyası təşkil olunub. İnklüziv mühitin formalaşdırılması, sosial inteqrasiyanın təşviqi və gənclərin psixoloji rifahının dəstəklənməsi məqsədinə xidmət edən sessiyada iştirakçılar öz hiss və düşüncələrini rənglərin dili ilə ifadə edərək bacarıqlarını nümayiş etdiriblər. 

Layihə iştirakçıları sessiya başa çatandan sonra Azərbaycan Universitetinin tədris binası, infrastukturu ilə tanış olub,  tələbələrlə ünsiyyət qurma imkanı əldə ediblər. Qonaqlara qəbul qaydaları, tədris olunan ixtisaslar, maddi-texniki baza, tələbələr üçün yaradılan imkanlar, tələbə dəstək layihələri, güzəştlər, təqaüd proqramları, beynəlxalq əlaqələr və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR