XƏBƏRLƏR
Dövlət Agentliyi Azərbaycan Universitetində mühazirə təşkil edib
Azərbaycan Universitetində Azərbaycan Respublikasının prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün mühazirə təşkil edilib. Agentliyin şöbə müdiri Şəmsi Rzalının oxuduğu mühazirə “Hökmran mövqedən sui-istifadənin mahiyyəti və araşdırılması” mövzusunda olub.
Şəmsi Rzalı tələbələrə hökmran mövqe anlayışı, hökmran mövqenin müəyyən edilməsinin meyarları və ondan sui-istifadə halları haqqında ətraflı məlumat verib. Mühazirədə rəqabət mühitini pozan hallar beynəlxalq praktika, o cümlədən Azərbaycanın rəqabət hüququ sahəsində nəzərdə tutulan norma və qaydalar əsasında nümunələrlə izah edilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mühazirə dövlət agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı maarifləndirmə xarakterli açıq dərs və mühazirələrin təşkili layihəsi çərçivəsində tələbələrin fərdi və peşəkar inkişafına, elmi-praktiki biliklərə yiyələnməsinə dəstək məqsədilə təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi