XƏBƏRLƏR

Maliyyə və Mühasibat ixtisaslarının təhsil proqramları növbəti dəfə müzakirə olunub

Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə Maliyyə və Mühasibat ixtisasları üzrə tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə ilk görüşün davamı olaraq növbəti müzakirə keçirilib. Müzakirədə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev, Universitetin Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi, kafedranın müəllimi Firudin Məmmədov iştirak ediblər.

Görüşdə Maliyyə və Mühasibat ixtisasları üzrə fənlərin məzmununun peşə yönümlü şəkildə yenidən qurulması, mövzu ardıcıllığının təkmilləşdirilməsi və təlim nəticələrinin ixtisasa uyğun formalaşdırılması təklif olunub. Digər ixtisaslarda da tədris olunan “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat” və “Makroiqtisadiyyat” fənlərinin məzmun və yerləşmə ardıcıllığı baxımından fərqləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

Müzakirələrin davamında tədris planında fənlərin sadədən mürəkkəbə doğru qurulması, məcburi və seçmə fənlər arasında balansın saxlanılması, sillabusların və təlim nəticələrinin ali təhsil müəssisəsinin səlahiyyətlərinə uyğun şəkildə tərtib olunması barədə fikir mübadiləsi aparılıb. Nümunə üçün təklif olunan “Mühasibat uçotuna giriş” və “Maliyyə əməliyyatlarına giriş” fənlərinin 60 saatlıq modul kimi birləşdirilərək birinci kursda sadə anlayışların və əsas prinsiplərin tədris olunması, növbəti kurslarda isə qeyd olunan mövzulara əsaslanaraq Maliyyə uçotu, İdarəetmə uçotu və Vergi uçotu kimi daha mürəkkəb və ixtisaslaşdırılmış fənlərin keçilməsi təklif olunub.

Görüşdə fənlər üzrə alt mövzuların, əsas ədəbiyyat siyahısının, qiymətləndirmə meyarlarının və müasir tədris metodlarının, o cümlədən “case study” və “problem-solving” əsaslı öyrənmə metodlarının, həmçinin onlayn kurslar, forumlar və digər əlavə resurslardan istifadə imkanlarının proqramlara daxil edilməsi də tövsiyə olunub.

Sonda müzakirələrin nəticəsi olaraq Maliyyə və Mühasibat ixtisasları üzrə alternativ proqram layihəsi formalaşdırılıb və qərara alınıb ki, təqdim olunmuş layihə daha da dəqiqləşdirilib strukturlaşdırılsın və kafedrada yekun müzakirəyə çıxarılsın. 

Qeyd edək ki, Maliyyə və Mühasibat ixtisasları üzrə bakalavriat və magistratura səviyyəsində yeni proqramların hazırlanması prosesində bu yanaşmalardan baza kimi istifadə olunması nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR