XƏBƏRLƏR

Nəsimi Rayon Polis İdarəsi Azərbaycan Universitetində maarifləndirici tədbir keçirib

Nəsimi Rayon Polis İdarəsi Azərbaycan Universitetində maarifləndirici tədbir keçirib

23 dekabr 2025

Baxış sayı: 502

Nəsimi Rayon Polis İdarəsi Azərbaycan Universitetinin müəllim və tələbə heyəti üçün maarifləndirici tədbir keçirib. Tədbirdə qeyd olunub ki, ilk növbədə yeniyetmələri və gəncləri hədəf alan narkomaniya bəşəriyyətin ən təhlükəli probleminə çevrilib və onunla mübarizə hər gün daha da aktuallaşır. Vurğulanıb ki, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əsas profilaktik mexanizmlər sağlam həyat tərzinin təbliği və maarifləndirmə işinin gücləndirilməsidir. 

Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq yeniyetmələr və gənclər arasında zərərli vərdişlərin yayılmasının cəmiyyət üçün ciddi problemə çevrilərək təhlükə yaratdığını vurğulayıb.  Prorektor bildirib ki, bəşəri bəlaya çevrilmiş narkotik vasitələrə qarşı mübarizə davamlı və sistemli xarakter daşımalıdır. Bu mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Bu baxımdan hüquq-mühafizə orqanları ilə təhsil müəssisələri arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. 

Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyət üçün yaratdığı təhlükələr, narkomaniyanın ağır fəsadları, bu sahədə aparılan profilaktik, o cümlədən əməliyyat-axtarış tədbirləri haqqında məlumat verib, dünyada və Azərbaycanda, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda narkomaniya ilə bağlı son statistikanı diqqətə çatdırıb. Polis rəisi narkotik vasitələrin istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət, sağlam həyat tərzinin üstünlükləri barədə danışıb, maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. 

Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev çıxışında tələbələrə kiber üsulla törədilən cinayətlər və kibertalamalarla mübarizə üsulları barədə də məlumat  verib, neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. 

Tədbir sual-cavab sessiyası və narkotik vasitələrdən istifadənin fəsadlarına həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb. 

Qeyd edək ki, maarifləndirici tədbir Azərbaycan Respublikası Prezidentinin 17.09.2025-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR