XƏBƏRLƏR

Azərbaycan Universitetinin prorektoru Yusif Qasımovun monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru  Yusif Qasımovun “Modern Computational Methods for Fractional Differential Equations” (Kəsr tərtibli diferensial tənliklər üçün müasir hesablama üsulları) adlı monoqafiyası dünyanın ən tanınmış elmi nəşriyyatlarından biri olan “Taylor & Francis” nəşriyyatında çap olunub. Kitabın həmmüəllifləri tanınmış riyaziyyatçılar Hossein Jafari və Haleh Tajadodidir.

Kəsr tərtibli diferensial tənliklərin tədqiqi və onun tətbiqi uzun tarixə malikdir. Lakin son zamanlar aparılan tədqiqatlar belə tənliklərin bir çox real prosesləri daha dəqiq modelləşdirdiyini üzə çıxarıb. Bundan sonra kəsr tərtibli tənliklərin öyrənilməsinə maraq ciddi şəkildə artıb və yeni həll üsulları yaradılıb. 

Müəlliflərin son illərdə apardıqları tədqiqatların və aldıqları nəticələrin əsasında yazılmış monoqrafiya yeddi fəsildən ibarətdir. Burada kəsr tərtibli diferensial tənliklərin, kəsr tərtibli inteqral tənliklərin və kəsr tərtibli xüsusi törəməli diferensial tənliklərin dəqiq və təqribi həllərinin tapılması üçün Adomian dekompozisiya metodu, homototik həyacanlanma metodu,  homotopik analiz metodu, diferensial çevrilmə metodu və variasiya iterasiyası metodu kimi analitik/təqribi metodlar verilib. Kitabda həmçinin, müxtəlif növ kəsr tərtibli diferensial tənliklərin ədədi həlli üçün Adams-Bashforth-Moulton metodu, əməliyyat matrisləri və dalğa metodu kimi bir neçə ədədi üsul da təqdim olunur. 

Monoqrafiyanın hər fəslinin sonunda təklif edilən üsulların konkret misallara tətbiqləri, alınan nəticələrin qrafikləri də verilib  ki, bu da onun müxtəlif tətbiq sahələrində istifadəsini asanlaşdırır. 

Ümid edirik ki, bu kitab kəsr tərtibli tənliklər sahəsində tədqiqatlar aparan alimlər və tələbələr üçün faydalı olacaqdır.

https://www.taylorfrancis.com/books/mono/10.1201/9781003474609

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR