XƏBƏRLƏR
“Voice of Books” qiraət klubunun üzvləri “Frankşteyn” romanını müzakirə ediblər
Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Voice of Books” qiraət klubunun növbəti görüşü keçirilib. Kitabxanada təşkil olunan görüşdə Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Tərcümə və fililogiya kafedrasının müdiri Gülnar Rzayeva, kafedranın müəllimləri və klub üzvləri iştirak edib. Görüşdə dünya ədəbiyyatının məşhur klassik əsərlərindən Meri Şellinin “Frankşteyn” romanı müzakirə olunub.
Tədbir Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədovun çıxışı ilə başlayıb. Dekan çıxışında mütaliənin ali təhsil mühitində elmi düşüncənin formalaşmasındakı rolunu vurğulayıb. Qeyd edib ki, mütaliə prosesi biliklərin genişləndirilməsi ilə yanaşı, həm də tənqidi təfəkkürün, analitik yanaşmanın və intellektual təşəbbüskarlığın inkişafı baxımından əvəzsiz vasitədir. Tələbələrin klassik ədəbiyyat nümunələrinə müraciət etməsi onların humanitar biliklərinin dərinləşməsi, mədəni perspektivlərinin genişlənməsi və elmi diskussiyalarda fəal iştirak potensialının artırılması üçün mühüm əhəmiyyət daşıyır.
Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva çıxış edərək bildirib ki, qiraət klubunun fəaliyyəti sistemli və məqsədyönlü şəkildə təşkil olunur. Klubun görüşləri mütəmadi olaraq keçirilir və müxtəlif formatları əhatə edir. Bəzi müzakirələr universitet daxilində, bəzi görüşlər isə ölkənin müxtəlif ali təhsil müəssisələrinin qiraət klubları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Kafedra müdiri qeyd edib ki, bu əməkdaşlıqlar həm institusional tərəfdaşlığın gücləndirilməsinə, həm də tələbələrin ədəbi-mədəni mübadilə imkanlarının genişlənməsinə xidmət edir.
Çıxışların ardından romanın müzakirəsinə start verilib. Müzakirədə əsərin əsas qəhrəmanı Viktorun məsuliyyətsiz elmi ambisiyalarının nəticələri, insan və cəmiyyət münasibətləri, insan yaradıcılığı və elmin sərhədləri, eləcə də əsərin müasir ədəbiyyata və populyar mədəniyyətə təsiri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, “Voice of Books” qiraət klubu tələbələrin mütaliə vərdişlərinin inkişafı, ədəbi düşüncənin genişləndirilməsi və müzakirə mədəniyyətinin formalaşdırılması məqsədilə müntəzəm olaraq görüşlər keçirməyə davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi