XƏBƏRLƏR
Siyasi və ictimai elmlər kafedrasının əməkdaşları Qazaxıstanda keçirilən konfransda məruzə ilə çıxış ediblər
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski və kafedranın müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Qazaxıstan: müasir dövrdə liderlik və varislik” mövzusunda elmi-praktik konfransda plenar məruzə ilə çıxış ediblər. Elvin Talışınskinin məruzəsi “Bakıdan Astanaya: müasir dövlət üçün Heydər Əliyevin liderlik dərsləri”, Eldar Cəfərovun məruzəsi isə “Heydər Əliyevin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlığın formalaşmasında rolu” mövzusuna həsr olunub.
Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetin Beynəlxalq münasibətlər kafedrası, Azərbaycan Mərkəzi və Azərbaycan Respublikasının Aktaudakı Baş Konsulluğunun dəstəyi ilə hibrid formatda təşkil olunan konfransda ev sahibi universitetin rektoru Berik Akhmetov, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, İran İslam Respublikasının Aktaudakı baş konsulluqlarının rəhbərləri, diplomatlar, ictimai xadimlər, qazaxıstanlı və azərbaycanlı alimlər, həmçinin tələbələr iştirak edib.
Azərbaycan Mərkəzinin direktoru İlkin Orucovun moderatorluğu ilə keçirilən konfransda ümummilli lider Heydər Əliyevin siyasi və mənəvi irsi, Azərbaycan-Qazaxıstan əməkdaşlığının möhkəmləndirilməsi və Türk dövlətləri arasında əlaqələrin inkişafındakı rolu haqqında analitik məruzələr təqdim olunub.
Konfrans çərçivəsində ümummilli liderin ictimai fəaliyəti və müasir Azərbaycanın formalaşmasına tarixi töhfələri haqqında kitab sərgisi də təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi