XƏBƏRLƏR
Tələbə Elmi Cəmiyyəti “Poeziyada Sən” adlı respublika şeir müsabiqəsi keçirib
Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən gənclərin ədəbi-bədii yaradıcılığının təşviqi, milli poeziya ənənələrinin yaşadılması və təbliği məqsədilə “Poeziyada Sən” adlı respublika şeir müsabiqəsi keçirilib. Müsabiqənin əsas mərhələsində ölkədə fəaliyyət göstərən 8 ali təhsil müəssisəsindən 31 tələbə iştirak edib. İştirakçılar münsiflər heyəti qarşısında müəllifi olduqları şeirləri səsləndiriblər.
Müsabiqənin münsiflər heyətində müasir Azərbaycan poeziyasının nümayəndələri – Taleh Mənsur, İntiqam Yaşar, Nail Zeyniyev, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyev və kafedranın müəllimi Hüseyn Hüseynli təmsil olunublar. İştirakçıların şeirləri və çıxışları münsiflər heyəti tərəfindən bədii dəyər, dil və üslub xüsusiyyətləri, mövzuya yanaşma, həmçinin təqdimetmə bacarığı meyarları əsasında dəyərləndirilib.
Münsiflər heyəti uzun və gərgin müzakirədən sonra qalibləri müəyyənləşdirib. Heyətin rəyi əsasında Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz naviqasiya mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Mustafa Məhərrəmov “Söz üsyanım” adlı şeiri ilə birinci yerə, Azərbaycan Universitetinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə IV kurs tələbəsi Abdulqadir Lətifov “Gedirəm”adlı şeiri ilə ikinci yerə, Azərbaycan Universitetinin Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə III kurs tələbəsi İlahə Kərimova isə “Müsibət” adlı şeiri ilə üçüncü yerə layiq görülüb.
Qaliblər sertifikatla təltif olunublar.
Qeyd edək ki, müsabiqədə Azərbaycan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər. Müsabiqə poeziya sahəsində istedadlı gənclərin aşkarlanması, onların yaradıcılıq potensialının ortaya çıxarılması və stimullaşdırılması, gənclərin şəxsi inkişafına və özünüifadə bacarıqlarının inkişafına dəstək məqsədilə təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi














