XƏBƏRLƏR

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı çap olunub

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı çap olunub

20 iyun 2018

Baxış sayı: 4863

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” (Xatirələr, manifestlər, konsepsiyalar) adlı yeni kitabı çap olunub. Dərs vəsaiti kimi təqdim olunan kitabın redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə professorlar Qorxmaz Quliyev və Şirindil Alışanovdur.

Kitabda XX əsrin son dərəcə rəngarəng, dinamik və mürəkkəb ədəbi düşüncələr tarixinə nəzər salınıb, XX əsr ədəbi prosesini səciyyələndirən ədəbi cərəyanlara aid manifestlər, konsepsiyalar, xatirələr haqqında oçerklər və onların tərcüməsi təqdim edilib.  Müxtəlif cərəyanlar üzrə qruplaşdırılmış bu mətnlərə əlavə olaraq hər bir cərəyan haqqında şərh və qeydlər də verilib.

Dərs vəsaitində  həmçinin dünyanın görkəmli şəxsiyyətləri - İlya Erenburq, Nikolay Trubetskoy, Nikolay Qumilyov, Salvador Dali, Umberto Eko, Jan Pol Sartr, Tomas Eliot və bu kimi alim, filosof, yazıçı və ədəbiyyatşünasların  məqalələrindən  tərcümələr də yer alıb. Təqdim olunan mətnlərin əsas dəyəri ədəbi cərəyanların yarandığı şəraitin, sənətkarlar çevrəsinin təbiətini ifadə etmələrində, estetik meyarların və bədii axtarışların mahiyyətini, onların zamanın hökmündən törədiyini və ictimai şüurla bağlılığını aşkarlamalarında, bədii mətnlərin dolğun dərkinə zəmin yaratmasındadır.

340 səhifədən ibarət olan dərs vəsaiti filoloq tələbələr, müəllimlər, tədqiqatçılar və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.06.2018


DİGƏR XƏBƏRLƏR