XƏBƏRLƏR
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib
Azərbaycan Universitetində prof. Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova açaraq kitabın Azərbaycan ədəbi və elmi mühiti üçün əhəmiyyəti haqqında məlumat verib. Kafedra müdiri bildirib ki, kitabda yer alan mətnlər müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbədir. Ülviyyə Rəhimova kitabın ərsəyə gəlməsində böyük əməyi olan Azərbaycan Universitetinin rektoru Səadət xanım Əliyevaya təşəkkürünü bildirib.
Kitabın müəllifi, filologiya elmləri doktoru, professor Asif Hacıyev qeyd edib ki, uzun müddətli tədqiqat və axtarışların nəticəsi olaraq ortaya çıxan kitabda oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən ədəbi cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Müxtəlif cərəyanlar üzrə qruplaşdırılmış mətnləri hər bir cərəyan haqqında şərh və qeydlər izləyir. Dərs vəsaiti kimi təqdim olunan kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif universitet rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkür edib.
Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyev çıxşında bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyə qədər 2 dəfə fors-major vəziyyətə düşüb. Birinci fors-major vəziyyəti XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə konteksindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: “Bu zaman biz hələ dünya mütəfəkkirlərinin və sənətkarlarının mətnlərini birbaşa qavramaq iqtidarında deyildik. Bunu dərk edən Mirzə Fətəli Axundov Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirdi. Biz ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşitdik, “Kritika” sözü ilə tanış olduq. Bundan əlavə M. F. Axundov Avropa ədəbiyyatına və fəlsəfi fikrinə xas olan və Azərbaycan gerçəkliyi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən janrları ədəbiyyatımıza gətirdi. Söz və anlayış səviyyəsində mədəniyyətimizə verdiyi bu təkan C. Məmmədquluzadənin yaradıcılığı timsalında dünya ədəbiyyatının və mədəniyyətinin ən yüksək tələblərə cavab verən nümunələrinin yaranması ilə yekunlaşdı”.
Qorxmaz Quliyevin sözlərinə görə, ikinci fors-major durumu Azərbaycan mədəniyyətinin 70 il ərzində zor gücünə dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə mədəniyyətimiz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdi. Məlum oldu ki, biz bir sıra sahələrdə misli görünməmiş dərəcədə geridə qalmışıq. İndi bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq bu 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır : “Mən belə hesab edirəm ki, bu gün hər bir ziyalının əsas vəzifəsi alimlik deyil, maarifçiliklə məşğul olmaqdır. Biz artıq dünyanı “söz” səviyyəsində deyil, “mətn” səviyyəsində dərk etməliyik”. Qorxmaz Quliyev vurğulayıb ki, Asif Hacıyevin kitabı dünya mədəniyyəti nümunələrinin “mətn” formasında Azərbaycan oxucularına təqdim edilməsində ilk və mühüm addımdır.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, prof. Bədirxan Əhmədov qeyd edib ki, Azərbaycan Universiteti Azərbaycan dili və ədəbiyyat kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap etdiyi kitablar ilə ölkənin filoloji mərkəzinə çevrilib. Qonaq çıxışında ədəbi – nəzəri fikrin nəzəri konsepsiyalarının Azərbaycan dilinə tərcüməsinin əhəmiyyəti haqqında danışıb və Asif Hacıyevin yeni kitabının bu baxımdan faydalı olmasını və yüksək qiymətləndirdiyini deyib.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri yaxınlaşdırmaq kimi mütərəqqi roluna diqqət çəkib.
Tədbirdə digər çıxış edənlər də kitabın elmi mühit üçün əhəmiyyətini qeyd edib, müəllifə təşəkkür ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi
01.11.2018