XƏBƏRLƏR
Azərbaycan Universitetində payız imtahan sessiyası başlayıb
Azərbaycan Universitetində 2024/2025-ci tədris ilinin payız imtahan sessiyası başlayıb. Bu gündən start verilən sessiya 2 fevral 2025-ci il tarixində yekunlaşacaq.
Universitetin rektoru Səadət Əliyevanın müvafiq əmri ilə imtahanların təşkili, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı, obyektivliyi təmin etmək və yekun imtahan nəticələrinin şifrələnməsi məqsədi ilə “İmtahan qərargahı” yaradılıb. İmtahan qərargahının tabeliyində “İmtahan nəzarət komissiyası”, “Apellyasiya komissiyası” və “İmtahan prosesi üzrə araşdırma komissiyası” fəaliyyət göstərir.
“İmtahan nəzarət komissiyası”nın məqsədi imtahanların gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasıdır. “Apellyasiya komissiyası” imtahan sessiyası dövründə imtahan nəticələrinə dair baş verə biləcək mübahisələrin aradan qaldırılması və ehtiyac olduğu təqdirdə tələbənin imtahan cavabının yenidən qiymətləndirilməsi, “İmtahan prosesi üzrə araşdırma komissiyası” isə imtahanlarda təhsilalanlarla təhsilverənlər arasında mübahisəli məqamların araşdırılması, tələbəyönümlülük, demokratiklik, aşkarlıq prinsiplərinin qorunması məqsədilə yaradılıb.
Sessiyada imtahanlar təsdiqlənmiş cədvələ uyğun olaraq yazılı, test və zərurət yaranarsa şifahi şəkildə keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi