XƏBƏRLƏR
Azərbaycan Universitetinin tələbələri Laiden, Koblenz və Anadolu universitetlərində
Beynəlxalq əlaqələrin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Universiteti öz tələbələrinə qabaqcıl xarici universitetlərdə təqaüdlü təhsil imkanları yaradır. Universitetin qoşulduğu mübadilə proqramları sayəsində xaricdə oxuyanların sayı hər il daha da artır. 2015/2016-cı tədris ilində 9 tələbə yaz semestrini Türkiyə və Avropa ölkələrinin qabaqcıl universitetlərində oxuyacaq, akademik təcrübə keçəcəklər. 2 tələbə hazırda təhsilini xarici tərəfdaş universitetlərdə davam etdirir, 2 tələbə isə imtahanları yekunlaşdıraraq ölkəyə qayıdıb.
Mübadilə proqramları ilə xaricə göndərilən bütün tələbələr təqaüd və yol xərci ilə təmin olunurlar. Həmin tələbələrin təhsil aldıqları dövrdə qazandıqları kreditlər daha sonra AU-ya transfer olunur.
Onlar xarici tərəfdaş universitetlərdə beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb-qarışmanın yanı sıra, müxtəlif xalqların mədəniyyəti ilə də tanış olur, ən əsası isə ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə əldə edirlər.
Təhsillərini tərəfdaş universitetlərdə davam etdirəcək tələbələr:
1. Biznes fakültəsinin 3 tələbəsi - Ramin Həsənov (Maliyyə, IV kurs), Murad Mirzəyev (Dünya iqtisadiyyatı, IV kurs) və Gəray Hüseynzadə (Dünya iqtisadiyyatı, IV kurs) növbəti semestrdə TEMPUS layihəsi çərçivəsində Hollandiyanın Leiden Universitetində qısa müddətli mübadilədə iştirak edəcəklər. Tələbələr tam təqaüdlə təmin olunacaq, eyni zamanda səyahət xərcləri də qarşılanacaqdır. Tələbələrimiz proqrama başlayıblar.
2. Biznes fakültəsinin Dünya iqtisadiyyatı ixtisası (BBA) üzrə III kurs tələbəsi Zaur Qarayev “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə qəbul olunub. Tələbə Anadolu Universitetində təhsil aldığı dövrdə hər ay üçün 800 avro təqaüdlə və eyni zamanda səyahət xərcləri ilə təmin olunacaq. Zaur Qarayev hazırda Türkiyədədir.
3. İqtisadiyyat və idarəetmə fakültəsinin Kompüter elmləri ixtisası üzrə III kurs tələbəsi Fatimə Ağayeva “Erasmus+” mübadilə proqramı çərçivəsində II semestri Türkiyənin Anadolu Universitetində davam etdirəcək. Tələbəmiz artıq Türkiyədədir.
4. Biznes fakültəsinin Maliyyə ixtisası üzrə (BBA) III kurs tələbəsi Nail Sadıqov Almaniyanın Koblenz Universitetinin akademik təcrübə proqramına qəbul olunub. Tələbəmiz təcrübə keçdiyi aylar ərzində aylıq 400 avro təqaüdlə təmin olunacaq.
5. Biznes fakültəsinin Dünya iqtisadiyatı ixtisası üzrə (BBA) III kurs tələbəsi Yelizaveta Şiryayeva yaz semestrini Almaniyanın Koblenz Universitetində davam etdirəcək. Tələbəyə hər ay 800 avro təqaüd veriləcək, eyni zamanda akademik təcrübə keçəcək. Yelizaveta Şiryayeva təcrübə keçəcəyi aylar ərzində əmək haqqı ilə təmin olunacaq və səyahət xərcləri qarşılanacaq. Tələbəmiz Almaniyaya mart ayında yola düşəcək.
6. Biznes fakültəsinin 2 tələbəsi - Fərid Həsənli (Maliyyə, IV kurs) və Ülvi Abdullayev (Marketinq, III kurs) yaz semestini TEMPUS layihəsi çərçivəsində İtaliyanın Genoa Universitetində keçirəcəklər. Hər iki tələbəyə tam təqaüd veriləcək və eyni zamanda səyahət xərcləri qarşılanacaq. Tələbələr İtaliyaya mart ayında yollanacaqlar.
Xarici ölkələrdə təhsillərini davam etdirən tələbələr:
1. Məltəm Cahangirzadə - Azərbaycan Universitində Sosial iş ixtisası üzrə təhsil alır. Hazırda “Linnaues-Palme” mübadilə proqramı çərçivəsində İşveç Krallığının Lund Universitetindədir. IV kurs tələbəsi Məltəm Cahangirzadə Lundda iki semstr oxuyacaq və vətənə iyun ayında qayıdacaq. Tələbə tam təqaüdlə təmin olunub.
2. Asif Səfərli - Azərbaycan Universitində MBA Marketinq ixtisası üzrə təhsil alır. Hazırda mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetindədir. Tam təqaüdlə təmin olunan tələbə Almaniyada iki semestr oxuyacaq.
I semestri xaricdə oxuyan tələbələr:
1. Şəlalə Həsənova – Azərbaycan Universitində Sosial iş ixtisası üzrə təhsil alır. Cari tədris ilinin I semestrini “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin Hacettepe Universitetində oxuyub və artıq həmin ali məktəbdəki təhsilini yekunlaşdıraraq ölkəyə qayıdıb. IV kurs tələbəsi olan Şəlalə Həsənova Türkiyədə təhsil aldığı dövrdə təqaüdlə təmin olunub.
2. Mahmud Cabbarov - Azərbaycan Universiteti Biznes fakültəsinin Marketinq ixtisası üzrə III kurs tələbəsidir. Payız semestrini “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində oxuyan tələbə təqaüdlə təmin olunub. Mahmud Cabbarov I semestr üzrə bütün öhdəliklərini yerinə yetirərək ölkəyə qayıdıb.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.02.2016