XƏBƏRLƏR
Azərbaycan Universiteti tələbəsinin məqaləsi birinci yerə layiq görülüb
Azərbaycan Universitetinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alan II kurs tələbəsi Rəşanə Cabbarova “Elm və maarifçilik” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunan “Elmin aktual problemləri-2026” beynəlxalq konfransında məruzə ilə çıxış edib. Tələbənin məruzəsi “Sosial normaların transformasiyasında propaqandanın rolu: müasir cəmiyyətə medianın təsiri” mövzusunda olub.
Rusiya, Özbəkistan, Qazaxıstan və Çindən olan tələbə və magistrantların iştirak etdiyi beynəlxalq konfransda Rəşanə Cabbarovanın məqaləsi təşkilat komitəsi tərəfindən “Siyasi elmlər” bölməsi üzrə ən yaxşı tədqiqat işi seçilərək birinci yerə layiq görülüb. Əldə olunan birincilik Azərbaycan Universitetində aparılan elmi-tədqiqat mühitinin, eləcə də tələbələrin siyasi və ictimai proseslərin təhlili sahəsində formalaşan akademik potensialının göstəricisidir.
Tələbə konfransa təqdim etdiyi məqalədə müasir mediada istifadə olunan propaqanda mexanizmləri, propaqandanın sosial normaların transformasiyasına təsiri və medianın buradakı rolundan bəhs edilir. Rəşanə Cabbarovanın çıxışı beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələr zamanı mövzunun aktuallığı və tədqiqatın elmi yanaşması yüksək qiymətləndirilib.
Bu uğuru münasibətilə Rəşanə Cabbarovanı təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi