XƏBƏRLƏR

Payız semestrinin təlimlərini uğurla başa vuran müəllimlər sertifikatla təltif olunublar

Payız semestrinin təlimlərini uğurla başa vuran  müəllimlər sertifikatla təltif olunublar

12 yanvar 2026

Baxış sayı: 630

Azərbaycan Universitetinin Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin cari tədris ili ərzində universitetin akademik heyəti üçün pedaqoji kompetensiyaların yüksəldilməsi məqsədilə həyata keçirdiyi təlim modullarını uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim olunub. Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, dekanlar, şöbə müdirləri, professor-müəllim heyəti, inzibati heyət üzvləri iştirak edib. 

Tədbiri giriş sözü ilə Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayev açaraq 2025/2026-cı tədris ilinin payız semestri ərzində həyata keçirilən təlim modulları barədə məlumat təqdim edib, modullarda iştirakçılığın statistik nəticələrini diqqətə çatdırıb. Samir Salayev qeyd edib ki, semestr ərzində “Fənn təlim nəticələrindən (FTN) düzgün dərs təlim nəticələrinin (DTN) çıxarılması, ona uyğun qiymətləndirmə suallarının hazırlanması”, “Fənn təlim nəticələrini (FTN) qiymətləndirmə suallarının və dərs tapşırıqlarının yoxlanılması”, “Bilet suallarının düzgün tərtib edilməsi, FTN-lərin qiymətləndirilməsi”,  “İnteraktiv təlimdə dərs təlim nəticələrinə (DTN) uyğun bilik və fəaliyyət strategiyaları” mövzularında təlim modulları həyata keçirilib. Akademik heyətin pedaqoji səriştələrinin artırılması və təkmilləşdirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edən Samir Salayev 1, 2 və 3-cü təlim modullarını uğurla başa vuran müəllimləri təbrik edib. 

Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova çıxış edərək təlimlərin akademik heyətin inkişafındakı rolunu vurğulayıb və gələcək təlim modulları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Ardınca sertifikat mərasiminə start verilib. Akademik heyət üzvlərinin sertifikatlarını rektor Səadət Əliyeva, rektorun müşaviri Nüşabə Quliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov və Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva təqdim ediblər. 

Tədbir universitetin rektoru Səadət Əliyevanın çıxışı ilə yekunlaşıb. Rektor mərkəzin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və sertifikata layiq görülən müəllimləri təbrik edib.  Təlim-Tədris Mərkəzinin qarşısında duran əsas vəzifələrə də toxunan rektor mərkəzin gələcəkdə də səmərəli  və uğurlu fəaliyyət göstərəcəyindən əminliyini ifadə edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR