XƏBƏRLƏR
Türkiyə universitetlərinin professor və müəllimləri Azərbaycan Universitetində mühazirə oxuyublar
Türkiyənin Necmeddin Erbakan və Hasan Kalyoncu universitetlərinin akademik heyət üzvləri may ayı ərzində universitetlərarası müqavilə çərçivəsində Azərbaycan Universitetində akademik mobillik proqramında iştirak ediblər. Proqramda iştirak edən professor, dosent və müəllimlər tələbələrə öz ixtisas sahələri üzrə mühazirələr oxuyub, təqdimatlarla çıxış ediblər.
Necmeddin Erbakan Universitetinin professoru Halit Buluthan Çetintaş İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin tələbələrinə “Türkiyənin rəqəmsal transformasiya ekosistemi” və “İş dünyasının yeni qaydaları” mövzularında mühazirə oxuyub, həmçinin təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış edib.
Hasan Kalyoncu Universitetinin dosenti Seda Sıvacının iştirakı ilə Biznes və iqtisadiyyat fakültəsinin, o cümlədən İKT fakültəsinin tələbələri üçün “The Importance of English Language” və “Different English Accents” mövzularında dərslər təşkil olunub. Dərslərdə ingilis dilinin qlobal rolu, müxtəlif aksentləri və dilin kommunikativ istifadəsi ilə bağlı praktik nümunələr təqdim olunub.
Hasan Kalyoncu Universitetinin dosenti Nebiye Kızılın İKT fakültəsinin tələbələrinə oxuduğu mühazirə “Üzvi tullantı əsaslı funksional materialların fiziki xüsusiyyətləri və mühəndislik tətbiqləri” mövzusunda olub. Mühazirə sıfır tullantı anlayışı, üzvi tullantıların fiziki quruluşu və xassələri, üzvi tullantıların emalı kimi mövzuları əhatə edib.
Bu ali məktəbin müəllimi Hikmet Çağrı Yardımcı Humanitar və sosial elmlər fakültəsinin tələbələrinə mühazirə oxuyub. Mühazirədə beynəlxalq münasibətlər sistemində baş verən müasir geosiyasi dəyişikliklər, qlobal və regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatların rolu, enerji təhlükəsizliyi, diplomatik münasibətlərin inkişaf meyilləri və çoxqütblü dünya nizamının formalaşması kimi aktual mövzular geniş şəkildə təhlil olunub.
Hasan Kalyoncu Universitetinin akademik heyət üzvlərindən Bilal Çayırın Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə oxuduğu mühazirələr əsasən texnoloji dəyişikliklər, yaşıl iqtisadiyyat, enerji iqtisadiyyatı, iqlim siyasəti və dayanıqlı inkişaf istiqamətlərini əhatə edib. Fatma Çiloğlan Konurun iştirakı ilə təşkil olunan dərslərdə tələbələrlə qlobal ingilis dili, mədəniyyətlərarası həssaslıq və dil tədrisində müasir yanaşmalar barədə interaktiv müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi




































