XƏBƏRLƏR
Azərbaycan Universitetində X Karyera Günü keçirilib
Azərbaycan Universitetində yuxarı kurslarda təhsil alan tələbələrin və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun iş yerlərinə dair məlumatlandırılması, həmçinin universitet – sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə növbəti Karyera Günü keçirilib. Karyera İnkişafı və Məzunlarla İş Mərkəzinin təşkil etdiyi tədbir iştirakçıların müasir əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, eləcə də işəgötürənlərlə ilkin əlaqələrin qurulmasına imkan yaradıb.
Bu il onuncusu keçirilən tədbirdə müxtəlif profilli 40-dan çox şirkət və müəssisə iştirak edib. Onların arasında dövlət orqanları, özəl müəssisələr və təhsil şirkətləri yer alıb.
Şirkət və müəssisələrin nümayəndələri, insan resursları üzrə menecerləri tələbə və məzunlara öz vakansiyaları, vakansiyalar üzrə iş öhdəlikləri, həmçinin tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramları, peşəkar inkişaf imkanları barədə geniş məlumat təqdim ediblər. Eyni zamanda müraciətçilərin CV-ləri qəbul edilib, ilkin seçim mərhələsi çərçivəsində müsahibələr keçirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Qeyd edək ki, artıq ənənə halını almış Karyera Günü bu dəfə də tələbə və məzunların əmək bazarına inteqrasiyasını təşviq edən mühüm platformaya çevrilib.
İctimaiyyətlə əlaqələr şöbəsi











































