XƏBƏRLƏR

Azərbaycan Universitetində “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib

Azərbaycan Universitetində “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib

18 aprel 2025

Baxış sayı: 85

Azərbaycan Universitetində Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair infosessiya keçirilib. Tədbirdə tələbələrə infosessiyanın mahiyyəti və əhəmiyyəti barədə məlumat verilib, proqrama qoşulma şərtləri izah olunub. 

Sessiyanı universitetin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Maşallah Səfərov aparıb. Maşallah Səfərov bildirib ki, “Maarifçi” proqramının əsas məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitinə tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır. 

Tədbirdə tələbələrə proqrama müraciət və seçim prosesi, müraciət şərtləri, seçimin mərhələləri,  iştirakçılara təqdim olunan imkanlar barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı olan bakalavriat səviyyəsi üzrə sonuncu kurs tələbələri, magistratura səviyyəsində təhsil alanlar, son 3 il ərzində məzun olmuş şəxslər proqrama müraciət edə bilərlər. Proqramda iştirak üçün seçilmiş şəxslər Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri, tabe qurumlarının müxtəlif struktur bölmələri, regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Cəlbetmə və seçim, mentorluq, istehsalat təcrübəsi, təlim və inkişaf, qiymətləndirmə və yerləşdirmə kimi tərkib hissələrindən ibarət proqram data analitika, layihələrin idarə olunması, təhsilin təşkili və idarə olunması, inzibati idarəetmə, iqtisadiyyat, maliyyə kimi sahələri əhatə edir. Proqram müddətində fərqlənən gənclərin işlə təmin olunması da proqramın məqsədləri arasındadır. 

İnfosessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

        

DİGƏR XƏBƏRLƏR