XƏBƏRLƏR
Tələbələr üçün “Dövlət vəsaitlərinin səmərəli xərclənməsi” mövzusunda ustad dərsi təşkil olunub
Azərbaycan Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müşaviri Günel Səfərəliyevanın tələbələr üçün “Dövlət vəsaitlərinin səmərəli və təyinatlı xərclənməsi, davamlı inkişaf və yaşıl idarəetmə” mövzusunda ustad dərsi təşkil olunub.
Dərsdə Dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alan tələbələr, Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski və kafedranın baş müəllimi Aybəniz Quliyeva da iştirak edib.
Ustad dərsində davamlı inkişafın əsas istiqamətləri və bu prosesdə dövlətin rolu, idarəetmədə müasir yanaşmalar – monitorinq, rəqəmsallaşma və şəffaflıq kimi vacib aspektlər tələbələrin diqqətinə çatdırılıb. Həm beynəlxalq, həm də yerli təcrübələrdən nümunələr gətirilərək mövzu nəzəri və praktiki olaraq müzakirə olunub.
Sonda interaktiv sual-cavab sessiyası keçirilib, iştirakçılar mövzu üzrə fikir və təkliflərini bölüşüblər.
Qeyd edək ki, ustad dərsi Tələbə Gənclər Təşkilatı və Gənc Diplomatlar klubunun birgə təşkilatçılığı ilə “Diplomatiya Gənclərin Gözü ilə” layihəsi çərçivəsində təşkil olunub. Layihə Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar” klubu tərəfindən həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi