XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri yaşıl texnologiyalar müsabiqəsində iştirak edib

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin tələbələri Eyvaz Bayramov, Yunis Bədəlov, Ramal Mirzəyevdən ibarət komandası Gəncə şəhərində keçirilən “GreenTech Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinin final mərhələsində iştirak edib. Komanda yarışda “Süni intellekt əsaslı Smart Kənd” layihəsini nümayiş etdirib.  

“Süni intellekt əsaslı Smart Kənd” layihəsinin məqsədi əkin sahələrində, istixanalarda yetişdiriləcək bitkilərin datalarını süni intellekt sistemi vasitəsi ilə toplayaraq münbit mikroklimat mühitinin yaradılmasıdır. Tələbələr sözügedən layihəni İKT fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müəllimləri Kamil Cəbiyev və Bəhrəm Əzizovun rəhbərliyi ilə hazırlayıblar. Layihənin hazırlanmasında İKT fakültəsinin tələbələri Əlihüseyn Mirzəyev, Nadir Məmmədov və Amil Qasımov da iştirak edib. 

Qeyd edək ki, müsabiqə Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, Azersun, ATS Food və “AzGranata”nın dəstəyi ilə həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün Sİ olmaqla 5 kateqoriya üzrə mübarizə aparıb. Müsabiqənin keçirilməsində məqsəd universitetlərdə yaşıl texnologiyaların inkubasiya mühitinin inkişafına dəstək, tələbələrin innovativ bacarıqlarının formalaşdırılması, həmçinin universitetlər arası əməkdaşlığın genişləndirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR