XƏBƏRLƏR
Filologiya tələbələrinin “Ulduz” jurnalında keçdikləri təcrübə yekunlaşıb
Azərbaycan Universiteti ilə “Ulduz” jurnalının birgə həyata keçirdiyi təcrübə proqramının başa çatması münasibətilə tələbələrlə yekun görüş keçirilib. Görüş Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində təşkil olunub. Görüşdə mərkəzin sədri Əsəd Cahangir, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Xalq şairi Sabir Rüstəmxanlı və Naxçıvandan gəlmiş ədəbiyyat nümayəndələri iştirak ediblər.
Tədbirdə Əsəd Cahangir və Qulu Ağsəs tələbələrlə təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, redaksiya işinin xüsusiyyətləri, müasir ədəbi mühitdə gənc müəlliflərin qarşısında duran imkan və çağırışlar ətrafında fikir mübadiləsi aparıb, onların təəssüratlarını dinləyiblər. Xalq şairi Sabir Rüstəmxanlı tələbələrə bədii yaradıcılıqda davamlı mütaliənin, dilə və milli ədəbi ənənələrə bağlılığın, müəllif məsuliyyətinin və yaradıcı axtarışların əhəmiyyəti ilə bağlı tövsiyələrini çatdırıb, uğurlar arzulayıb.
Qeyd edək ki, artıq dördüncü ildir davam edən layihə filologiya (Azərbaycan dili və ədəbiyyatı; ingilis dili və ədəbiyyatı) tələbələrinin peşəkar hazırlığına dəstək məqsədi daşıyır. Təcrübə müddətində tələbələr redaksiya işi və müasir ədəbi proseslərlə yaxından tanış olur, tanınmış yazıçı və şairlərlə görüşlərdə, ədəbi müzakirələrdə və müxtəlif mədəni tədbirlərdə iştirak edirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
