XƏBƏRLƏR

Azərbaycan Universitetinin mübadilə tələbələri təəssüratlarını bölüşürlər

Azərbaycan Universitetinin 12 tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestrində təhsilini Beynəlxalq İkili Diplom Proqramı və universitetlərarası mübadilə proqramı çərçivəsində Türkiyə, İtaliya, Almaniya və Polşa universitetlərində davam etdirmək hüququ əldə edib. 9 bakalavriat və 3 magistratura tələbəsi universitetin beynəlmiləlləşmə strategiyasına uyğun olaraq xarici tərəfdaş universitetlərdə təhsil alıb, həmçinin istehsalat təcrübəsininin birinci mərhələsində iştirak edib. Bütün tələbələr xaricdə təhsil aldıqları dövrdə təqaüdlə təmin olunublar.

Beynəlxalq İkili Diplom Proqramı məzunların beynəlxalq səviyyədə tanınan iki diplom əldə etməsini təmin etməklə onların qlobal əmək bazarında imkanlarını əhəmiyyətli dərəcədə artırır. Mübadilə proqramında iştirak edən tələbələr isə fərqli akademik yanaşmalar və tədris metodları ilə tanış olublar. Bu proses onların xarici dil bacarıqlarının təkmilləşməsinə, dünyagörüşlərinin genişlənməsinə şərait yaradır, müstəqil düşünmə, uyğunlaşma və beynəlxalq təhsil mühitində fəaliyyət göstərmə bacarıqlarını inkişaf etdirir. Ölkə xaricində real iş mühitində istehsalat təcrübəsi keçmək isə gələcək karyera planlamasına mühüm töhfə verir.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə II kurs tələbəsi İlqar Məmmədov Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti tərəfindən birgə həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramına seçilən ikinci tələbə olaraq təhsilini davam etdirir.  İlqar Məmmədov təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi əldə edəcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə II kurs magistratura tələbəsi Fariz Şükürov mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində təhsil alıb. Bakalavriat tələbəsi Səttar İsmayılov da yaz semestrində təhsilini Koblenz Universitetində  davam etdirib. O, menecment ixtisasında oxuyur və II kurs tələbəsidir.  

İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Nurcan Seydaliyeva və Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Natella Saadova İtaliyanın Sapienza Universitetində, Marketinq ixtisası üzrə III kurs tələbəsi Nurcan İsmayılova isə Türkiyənin Kastamonu Universitetində təhsil alıb. Onlar təhsillərini mübadilə proqramı çərçivəsində bu universitetlərdə davam etdiriblər. 

Təhsilini Türkiyədə davam etdirmək hüququ əldə edən tələbələrdən biri də Arkan Adışlı olub. O, İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura I kurs tələbəsidir və yaz semestrində Anadolu Universitetində təhsil alıb.

Biznesin idarə edilməsi ixtisası üzrə III kurs tələbəsi Fəxri Məmmədli və Mühasibat ixtisası üzrə III kurs tələbəsi Aysel Musayeva isə təhsillərini Polşanın Krakov İqtisadiyyat Universitetində davam etdiriblər.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbələri Yunis Bədəlov və Nihad Əliyev, Politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilova isə istehsalat təcrübəsinin birinci mərhələsini Türkiyənin Necmeddin Erbakan Universitetində keçiblər. Təcrübə dövründə tələbələr universitetin müvafiq fakültə və struktur bölmələrində akademik və praktiki fəaliyyətlərdə iştirak ediblər. Bu təcrübə onların peşəkar bacarıqlarının formalaşmasına, beynəlxalq standartlarla tanış olmasına və nəzəri hazırlığın xarici praktik təcrübə ilə möhkəmləndirilməsinə xidmət edib. Beynəlxalq təcrübə mərhələsi başa çatdıqdan sonra tələbələr əldə etdikləri bilik və bacarıqları tətbiq etmək məqsədilə təcrübələrini yerli müəssisələrdə davam etdiriblər. Bu mərhələ isə beynəlxalq təcrübənin yerli peşə mühitinə inteqrasiyasına xidmət edir.

Mübadilə proqramında iştirak edən tələbələr xaricdə təhsil ilə bağlı təəsuratlarını bölüşüblər: 

Arkan Adışlı, İqtisadiyyatın hüquqi tənzimlənməsi, I kurs, magistratura (Türkiyə Anadolu Universiteti):

“... Anadolu Universitetində təhsil almaq mənim üçün çox yaddaqalan təcrübə oldu. Burada fərqli təhsil mühiti ilə qarşılaşsam da, müəllimlərin dəstəyi, dərslərin keyfiyyəti və kampusun imkanları təhsil prosesinə uyğunlaşmağımı asanlaşdırdı. Kitabxana, digər akademik resurslar və sosial məkanlar tələbələrin həm təhsilinə, həm də şəxsi inkişafına müsbət təsir göstərir. Universitetdə müxtəlif ölkələrdən gələn tələbələrlə tanış olmaq və onlarla ünsiyyət qurmaq, yeni mədəniyyətləri tanımaq da olduqca faydalıdır. Anadolu Universiteti Eskişehirde yerləşir. Burada sosial həyat olduqca aktivdir, çoxlu mədəni məkanlar, parklar və istirahət yerləri var. Mübadilə tələbələri üçün bu şəhərdə yaşamaq həm rahat, həm də maraqlıdır. Yeni dostluqlar qurur, fərqli bir ölkədə yaşamaq təcrübəsi əldə edirəm. Türkiyənin mədəniyyəti, insanların qonaqpərvərliyi və tələbələrə göstərilən münasibət bu təcrübəni daha da dəyərli edir...”

Natella Saadova, Beynəlxalq münasibətlər, III kurs, bakalavriat (İtaliya, Roma Sapienza Universiteti):

“... Beynəlxalq münasibətlər ixtisasının tələbəsi üçün Roma sadəcə bir şəhər deyil, tarixin və diplomatiyanın canlı izlərini daşıyan bir mərkəzdir. Bu təcrübəni üçüncü tədris ilində yaşamaq mənə dərslərdə öyrəndiyimiz tarixi hadisələri və beynəlxalq münasibətlərə dair nəzəri yanaşmaları daha dərindən anlamağa kömək edir. Burada müxtəlif ölkələrdən olan tələbələrlə birgə layihələr üzərində işləyir, fərqli mədəniyyətləri kəşf edir və ixtisasımla bağlı biliklərimi möhkəmləndirirəm...”

Nurcan Seydaliyeva, İnformasiya təhlükəsizliyi, III kurs, bakalavriat (İtaliya, Roma Sapienza Universiteti):

“... İlk günlər mənim üçün bir az çətin keçdi. Həm yeni mühitə və fərqli təhsil sisteminə, həm də gündəlik həyat tərzinə uyğunlaşmaq, ilə ayaqlaşmaq, digər tərəfdən dərsləri başa düşmək, insanlarla ünsiyyət qurmaq heç də asan deyildi. Amma zaman keçdikcə hər şey yavaş-yavaş düzəlməyə başladı. Zamanla yeni mühitə və dilə öyrəşdim, dərs mövzularını daha yaxşı anlamağa başladım. Yeni insanlarla tanış olmaq da bu prosesi mənim üçün xeyli asanlaşdırdı. Deyə bilərəm ki, müstəqil qərarlar verməyi, fərqli mühitə uyğunlaşmağı Romada real həyat təcrübəsi ilə öyrəndim. Həyatı fərqli prizmadan görməyimə kömək etdiyi üçün bu təcrübə mənim üçün çox dəyərlidir. Bu təcrübədə əməyi olan hər kəsə təşəkkür edirəm...”

Fariz Şükürov, MBA Proqramı, Marketinq (tədris ingilis dilində), II kurs (Almaniya, Koblenz Universiteti, RheinAhrCampus): 

“... Burada təhsil almaq həm maraqlıdır, həm də çox dəyərli bir təcrübədir. Dərslər fərqli və interaktiv formada keçirilir, bu da mövzuları daha asan və dərindən başa düşməyə kömək edir. Beynəlxalq mühitdə oxumaq mənə müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq, yeni mədəniyyətləri tanımaq imkanı yaradır, həmçinin müstəqil düşünməyi öyrədir və yeni bacarıqlar qazandırır. Ümumilikdə, “RheinAhrCampus”da oxumaqdan məmnunam və bu təcrübənin gələcəyim üçün, xüsusilə də şəxsi inkişafım baxımından çox faydalı olduğuna inanıram...”

Nurcan İsmayılova, Marketinq, III kurs, bakalavriat (Türkiyə, Kastamonu Universiteti): 

“... Ölkə xaricinə ilk dəfə və tək gəldiyimi nəzərə alsaq, əvvəllər nəyi, necə edəcəyim mövzusunda çox həyəcanlı idim. Lakin gəldikdən sonra insanların səmimiyyəti və yardımsevərliyi bu həyəcanı tamamilə aradan qaldırdı. Dərslərin ingilis və türk dillərində keçirilməsi və bu dərsləri müxtəlif ölkələrdən olan tələbələrlə birlikdə dinləməyim mənim üçün çox dəyərli təcrübə oldu. Digər bir xüsus da odur ki, müəllimlər dərsləri maraqlı və anlaşıqlı şəkildə izah edir, həmçinin xarici tələbələrə qarşı xüsusi diqqət və anlayış göstərirlər. Yeni insanlarla tanış olmaqla yanaşı, yeni dostluqlar da qurdum. İllər keçsə belə yaşadığım bu təcrübə ürəyimin bir küncündə xoş xatirə olaraq qalacaq...”

Səttar İsmayılov, Menecment, II kurs, bakalavriat (Almaniya, Koblenz Universiteti): 

“.... Burada həyat çox nizamlı və planlıdır. İnsanlar vaxta böyük əhəmiyyət verir və sistemli şəkildə işləyirlər. İlk vaxtlar buna uyğunlaşmaq bir qədər çətin olsa da, zaman keçdikcə öyrəşdim və artıq bu sistemin üstünlüklərini daha aydın şəkildə görürəm. Bu semestrdə əsas məqsədim ingilis dilini təkmilləşdirmək və ixtisasımla bağlı daha çox praktik təcrübə qazanmaq idi. Buradakı təhsil sistemi tələbələrdən müstəqil düşünməyi, aktiv olmağı və öyrəndiklərini mütləq praktiki tətbiq etməyi tələb edir, həmçinin buna geniş şərait yaradır. Eyni zamanda, müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq mənə yeni baxış bucaqları qazandırdı. Bu isə həm şəxsi inkişafım, həm də gələcək planlarım üçün çox önəmlidir. Ümumilikdə, Almaniyada təhsil almaq mənim üçün özümü inkişaf etdirmək və gələcəyə daha hazır olmaq baxımından böyük bir fürsət oldu...”

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR