XƏBƏRLƏR
Professor Asif Hacıyev beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edib
Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiya Federasiyasının Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetinin və Vətəndaş Təhsili Mərkəzinin dəvəti ilə Volqoqrad şəhərində ezamiyyətdə olub. Səfərin məqsədi Rusiya Federasiyası Prezident qrantları Fondunun dəstəyi ilə Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetinin və Vətəndaş Təhsili Mərkəzinin keçirdiyi iki beynəlxalq tədbirdə - Stalinqrad döyüşündə qələbənin 75 illiyinə həsr olunmuş “Qızıl ulduz” Beynəlxalq Forumunda və “Stalinqrad qərənfili” Beynəlxalq elmi konfransında iştirak olub.
Səfər konfrans iştirakçılarının Stalinqrad döyüşlərinin cərəyan etdiyi və müharibə şəhidlərinin xatirəsinə memorial abidələr ucaldılmış Mamay kurqanına yürüşü ilə başlayıb. Daha sonra forum və konfransın bir qrup iştirakçısı Universitetin rektoru professor Aleksandr Mixayloviç Korotkovla görüşüb. Prorektor və dekanların da iştirak etdiyi görüşdə professor Asif Hacıyev Azərbaycan təhsilinin uğurları və Azərbaycan Universitetinin fəaliyyəti haqqında məlumat verib, iki universitet arasında mümkün əməkdaşlıq perspektivləri, birgə layihələrin icra olunması, tələbə və müəllim mübadiləsi mövzusunda müzakirələr aparılıb.
Forum və konfransın açılış mərasimində çıxış edən professor Asif Hacıyev Azərbaycan və rus xaqları arasında tarixi əlaqələr, Azərbaycanın II Dünya müharibəsində qələbəyə verdiyi misilsiz töhfələr, Respublikamızdakı multikultural mühit və ölkələr arasındakı əməkdaşlıqdan bəhs edərək, hər iki dövlət başçısının vətənpərvər siyasətinin və şəxsi dostluq münasibətlərinin müasir gənclərimiz üçün örnək olduğunu bildirib.
Forumun açılışından sonra Rus dili və ədəbiyyatı müəllimlərinin “Stalinqrad qərənfili” beynəlxalq konfransının plenar iclası keçirilib. Professor Asif Hacıyev plenar iclasda “Azərbaycan multikulturalizmi modeli kontekstində rusdilli təhsil” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ideoloji irsində mühüm yer tutan multikultural dəyərlər Prezident Ilham Əliyevin dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir. Bildirilib ki, Azərbaycanda bütün xalqların və din mənsublarının hüquqları təmin edilib, Respublikamızda rusdilli məktəbəqədər, orta və ali təhsil müəssisələri, mədəniyyət ocaqları, mətbuat orqanlarının fəaliyyət göstərir, rus dilində bədii, publisistik, elmi əsərlər nəşr olunur. Çıxışda ölkəmizdə rus dili və ədəbiyyatının tədqiqi və tədrisi sahəsində qazanılmış qabaqcıl təcrübə və metodologiyadan bəhs edilib, müştərək müəllif kollektivlərinin və regional xüsusiyyətlərə uyğun rusdilli tədris komplekslərinin yaradılması təklif olunub. Məruzədə iştirakçıların diqqətinə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən rusdilli təhsil və mədəniyyət müəssisələri Azərbaycan dövləti tərəfindən maliyyələşdirilir, rus və rusdilli vətəndaşların ictimai təşkilatları fəaliyyət göstərir, bütövlükdə Azərbaycan multikulturalizmi modeli başqa ölkələr üçün sabitlik, tərəqqi və tolerantlıq nümunəsidir.
Plenar iclasın ardından konfrans işini bölmələr üzrə davam etdirib. “Bədii əsərin dil və üslubunun öyrənilməsi problemləri” bölməsinə professorlar Asif Hacıyev və V.P.Moskvin rəhbərlik edib.
Qeyd edək ki, forum və konfransda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində professor Asif Hacıyevlə birlikdə Bakı Slavyan Universitetinin professoru Rəhilə Quliyeva da olub.
İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2018