XƏBƏRLƏR

Siyasi və ictimai elmlər kafedrası Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar keçirib

Siyasi və ictimai elmlər kafedrası Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar keçirib

13 iyun 2024

Baxış sayı: 460

Azərbaycan Universiteti və Gəncliyə Yardım Fondunun birgə  təşkilatçılığı ilə “Heydər Əliyev və müasir tariximizin şanlı səhifəsi” mövzusunda elmi seminar keçirilib. 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın  müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının  müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski tədbir iştirakçılarını salamlayaraq, 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Kafedra müdiri qeyd edib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlaması ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub, eyni zamanda ölkə tarixinin önəmli bir mərhələsi başlayıb. 

Daha sonra kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu çətin tarixi dövrdə ölkə iqtisadi, siyasi, mədəni və beynəlxalq əlaqələri qurmaq üçün böyük bir yol qət etməli idi. Bu tarixi missiyanı məhz ulu öndər Heydər Əliyev öz üzərinə götürüb. Abbas Qurbanov çıxışında həmin dövrdə baş verən gərgin ictimai-siyasi proseslərə toxunub, Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası günü kimi həm də ölkənin gələcəyini müəyyən etdiyini bildirib.

Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov məruzəsində ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışının müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu bildirib. Məruzədə vurğulanıb ki, vətəndaş müharibəsinin, iqtisadi tənəzzülün qarşısının alınması, müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, ölkə həyatının bütün sahələrində yüksəliş dövrünə qədəm qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR